“Hələ də “beşinci kolon”un tör-töküntülərindən yaxamızı qurtara bilmirik” – PREZİDENTƏ MÜRACİƏT

Teatrşünas-tənqidçi Anar Burcəliyev “Hürriyyət” vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, eləcə də digər aidiyyəti qurumların rəhbərlərinə müraciət edib. Həmin müraciəti olduğu kimi dərc edirik:

“Möhtərəm Prezident!

Mən – Burcəliyev Anar Məmməd oğlu 17 mart 2022-ci il tarixində Sizə məktubla müraciət etmişəm. Ancaq təəssüf olsun ki, qeyd etdiyim məlum problem öz həllini tapmadığı üçün yenidən bir daha müraciət etmək məcburiyyətindəyəm.

İlk öncə qeyd etmək istəyirəm ki, 21 aprel 2022-ci il tarixində qeyd etdiyim problem ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının  Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri, hörmətli Ədalət Vəliyevin də şəxsən qəbulunda olmuşam. O, məni dinlədikdən sonra problemin araşdırılacağını və tezliklə həll olunacağını bildirmişdir. Ancaq təəssüf hissi ilə bildirmək istəyirəm ki, məsələnin həllini hörmətli Ədalət Vəliyevin də  nəzarətə götürməsinə baxmayaraq, problem elə problem olaraq qalmaqdadır. Sadəcə olaraq anlaya bilmirəm ki, məsələnin bu cür həllinin çətinləşdirilməsində elə  günahkar  həqiqətən də mən özüm olmuşam, ya da ki, çox üzr istəyirəm zati-aliləri ətrafınızda hələ də bu hakimiyyətə və dövlətə “sədaqətlə” xidmət edən “beşinci kolon”un tör-töküntülü üzvlərindən yaxamızı qurtara bilmirik?!

Bir daha Sizə bildirmək istəyirəm ki, mən 1996-cı ildən Yeni Azərbaycan Partiyasının üzvüyəm. 1997-ci ildə Gəncə şəhərində Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının yaradılması, formalaşdırılmasında yaxından iştirak edərək, ən fəal üzvlərindən biri olaraq 1999-cu ilədək Gənclər Təşkilatının sədri kimi fəaliyyət  göstərmişəm.

Azərbaycan  Gənclərinin 2 fevral 1996-cı ildə keçirilən I və 1999-cu ildə keçirilən II Formlarına Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatı tərəfindən nümayəndə seçilmişəm. Bildirmək istəyirəm ki, Sizin Azərbaycan Parlamentində yeniləşmə, gəncləşmə çağırışınıza əsasən 09 fevral 2020-ci il tarixində keçirilən altıncı çağırış Milli Məclisə seçkilərdə 37 saylı Nizami birinci (Gəncə) seçki dairəsi üzrə namizədliyimi öz təşəbbüsüm ilə irəli sürərək iştirak etmişəm. Bu zaman Yeni Azərbaycan Partiyasının Gəncə Şəhər Təşkilatına dəvət olunaraq sədr vəzifəsində çalışan, millət vəkili Naqif  Həmzəyev  tərəfindən  qəbul edilərək mənə bildirilmişdir ki, seçkilərdə iştirak edəcəyim təqdirdə Yeni Azərbaycan Partiyası sıralarından öz xahişim ilə azad olunmalıyam. Seçkilərdən sonra kifayət qədər səs toplamayacağım təqdirdə yenidən partiya sıralarına qaytarılmağım  mümükün olacaq. Belə olduğu zaman mən öz xahişimlə Parlament seçkilərində iştirak etmək məqsədilə Yeni Azərbaycan Partiyası sıralarından azad olunmağım barədə ərizə ilə müraciət etmişəm. Parlament seçkilərindən sonra dəfələrlə müraciət etməyimə baxmayaraq Yeni Azərbaycan Partiyası sıralarına yenidən bərpa olunmağım mümkünsüzə çevrilib. Məsələ ilə bağlı dəfələrlə Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı, hörmətli Niyazi Bayramovun və Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri Ramil Orucovun da qəbulunda olmuşam. Niyazi müəllimin və eləcə də Ramil müəllimin də məsələnin həlli ilə bağlı adiyyatı qaydada  müraciətləri olub. Hətta Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının sədri, hörmətli Ramil Orucov tərəfindən haqqımda Zəmanət məktubu da Yeni Azərbaycan Partiyasının İdarə heyətinə göndərilmişdir. Ancaq təəssüf ki, problem öz həllini bu günədək tapmır.

Anar Burcəliyev:

Bildirmək istəyirəm ki, mən hər zaman Yeni Azərbaycan Partiyasının ideoloji xəttinin təbliğ edilməsi istiqamətində həmçinin Gəncə şəhərinin bütün şəhər tədbirlərində eləcə də Yeni Azərbaycan Partiyası Gəncə Şəhər Təşkilatının tədbirlərində yaxından iştirak edərək, səylə çalışıram. Qərb regionunda yeganə fəaliyyət göstərən teatrşünas-tənqidçi olaraq 450-dən artıq məqalə, ressenziya, oçerk və müsahibələrin eləcə də 16 kitabın müəllifiyəm. Azərbaycan Teatr Xadimləri İttifaqı və Azərbaycan Jurnalistlər Birliyinin üzvüyəm.

1992-ci ildə Azərbaycan Respublikası Ali Məktəb tələbələrinin XVI Respublika Elmi Konfransının xüsusi diplomu, 2001-ci ildə “MUGAN-MEDİA” Beynəlxalq mükafatı laureatı adına layiq görülmüşəm. Həmçinin 30 iyun 2008-ci il tarixində Azərbaycan Respublikası Prezidenti adından “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı, 26 dekabr 2020-ci il tarixində “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “İlhamlı Azərbaycan” döş nişanı, “Qarabağ-Azərbaycan” diplomu və 01 dekabr 2021-ci ildə isə “SİMURQ-2021” mükafatına layiq görülmüşəm.

Qeyd etmək istərdim ki, 44 günlük Zəfər tarixli Vətən müharibəsində qardaşım oğlu İlqar Vüqar oğlu Burcəliyev Gəncənin ilk Şəhid övladlarından biridir. O, Vətən müharibəsində Talış kəndi, Talış yüksəkliyi və Suqovuşan uğrunda döyüşlərdə qəhrəmancasına Şəhid olmuş və Sizin məlum Sərəncamlarınızla “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Mərhum valideyinlərim olan Məmməd Burcəliyev və Sədayə xanım Mustafayeva Azərbaycan Respublikasının Xalq artistləri olmuş və ömürlərinin 65 ilini Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişlər. Mən də ömrümün 35 ilini pillə-pillə olaraq valideyinlrimin sənətini davam etdirərək Azərbaycan mədəniyyətinin inkişafına həsr etmişəm. Bütün bu qeyd edilənlər görəsən niyə nəzərə alınmayaraq mənim yenidən Yeni Azərbaycan Partiyası sıralarına bərpa olunmağım üçün kifayət etmir?

Cənab Prezident!

Siz və ölkənin birinci xanımı Mehriban xanım Əliyeva hər zaman mədəniyyət sahəsində çalışan şəxslərə xüsusi diqqət, qayğı ilə yanaşmısınız. Hər birimizin problemlərinin həlli istiqamətində köməkliyinizi əsirgəməmisiniz. Ataların yaxşı bir misalı var: “Günahı olan şəxsi bağışladıqdan sonra yıxıb yerə başını kəsmirlər”.

Düşünürəm ki, bu kimi məsələlərin həllində də Yeni Azərbaycan Partiyasının İdarə heyəti daha operativ qərarın qəbul olunması ilə yardımını əsirgəməməlidir. Ancaq təəssüf ki, bu belə deyil. Artıq dəfələrlə müraciətimə baxmayaraq problemin həlli iki ildən artıqdır ki, öz həllini tapmır. Bu ölkədə vətəndaşların  Konstutusiya  hüquqlqrının  eləcə  də  haqqın  və  ədalətin bərpası bu qədərmi çətindir? Ancaq düşünürəm ki, bu kimi laqeyidlik və biganəliyin bir adı var: “Mərdi qova-qova, namərd edirlər!”.

Möhtərəm Prezident!

Sizdən 44 günlük Vətən Müharibəsinin Şəhid ailəsi olaraq məni şəxsən qəbul etmənizi xahiş etməklə, ümidvaram ki, məsələyə ciddi müdaxiənizdən sonra göstərilənləri nəzərə alaraq Yeni Azərbaycan Partiyası sıralarına qayıtmağım və partiya vəsiqəsinin bərpa edilməsinə köməkliyinizi əsirgəməyəcəksiniz.

Öncədən dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.

Hörmətlə, Anar Məmməd oğlu Burcəliyev

Teatrşünas-tənqidçi

Gəncə şəhəri”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.