İyunun 24 də Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Yazıçılar Birliyi Gəncə Bölməsi, Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxananın Oxu zalı birlikdə XI – ci Beynəlxalq şairlər günü və Xalq şairi Nigar Rəfibəylinin anım günü münasibətilə Zoom proqramı vasitəsilə “Ayrılıqdan betər dünyada nə var” adlı onlayn ədəbi-bədii gecə keçirilmişdir.
Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Yazıçılar Birliyi mətbuat komitəsinin sədri Xəyal Rza, Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri, şair – dramaturq Xəzangül Hüseynova, yazıçı-jurnalist, dramaturq, publisist Nüşabə Məmmədli, şair Aləmzar Əlizadə, şair Rəsul Murovdağlı, şair Gülnarə Sadiq, şair Zülfiyyə Yaqub, Cənubi Azərbaycandan “Körpü” jurnalının redaktoru, şair Səxavət İzzəti, Cənubi Azərbaycandan şair, tənqidçi Məhəmməd Çalqın, Şair Xosrov Barışan , müğənni Şahin İsmayılov, aşıq Aidə Gülzar, Gəncə Dövlət Dram Teatrının aktyoru Rəşad Hüseynov, kitabxananın onlayn tədbirinin izləyiciləri və kitabxana əməkdaşları iştirak edirdi.
Onlayn konfransı giriş sözü ilə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri şair-dramaturq Xəzangül Hüseynova tədbiri açaraq, tədbir iştirakçılarını salamladı. O, Nigar Rəfibəylinin həyat yolundan danışaraq qeyd etdi ki, “Allah Nigar Rəfibəyliyə hər şeyi – Ondan istədiyini də, istəmədiyini də səxavətlə vermişdi. Hamıya gün kimi aydındır ki, mənsub olduğumuz soy-kökü, doğulduğumuz ailəni seçmək imkanımız olmur. Nigar xanımın Allahdan istəmədən ona bəxş etdiyi xoşbəxtliklərdən birincisi dövrünün nüfuzlu şəxsiyyətlərindən biri, əzəmətli əsilzadə bir nəslin nümayəndəsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründə Gəncə qubernatoru olmuş, Azərbaycanın ilk ali təhsilli cərrahı Xudadat bəy Rəfibəylinin ailəsində dünyaya göz açması ilə bağlı idi.”
Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbir təşkilatçılarına və bütün tədbir iştirakçılarına təşəkkür etdi. Daha sonra Azərbaycan Yazıçılar Birliyi mətbuat komitəsinin sədri Xəyal Rza Nigar Rəfibəyli poeziyasının əzəmət, vüqar, milli qeyrət hisslərinə köklənən, Yaradana, Vətənə, təbiətə, insana sevgidən güc alan, millətinə, torpağına, «ala gözlü»sünə, övladlarına, ağaca, yarpağa, dənizə… bəslədiyi ülvi məhəbbətin qanadlarında göylərə ucalan bir poeziya olduğunu vurğuladı.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov öz növbəsində qeyd etdi ki, şairin o vaxt əzbərlədiyimiz bir neçə şeiri bu poeziyanın mayasında, cövhərində dərin bir ağrının, dərdin, kədərin varlığından xəbər verirdi. Təbbirdə aktyorlar şairin şeirlərini oxumuş, müğənnilər şairin sözlərinə bəstələnən mahnılar ifa etmişlər.
Sonda Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri , şairə-dramaturq Xəzangül Hüseynova və Gəncə şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Fəridə Qədimova tədbirin rəngarəngliyini, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı, böyük yazıçımız Anarın tədbirdə iştirakını və qonaq qismində tədbirdə yer alan Cənubi Azərbaycan şairlərininin iştirakını tədqirəlayiq hal kimi qiymətləndirərək bütün tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. İştirakçılar da həmçinin tədbirin çox maraqlı keçməsini vurğuladılar.Tədbirin təşkilatçıları və tədbiri ərsəyə gətirənlər Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin sədri Xəzangül Hüseynovaya, kitabxananın əməkdaşı Tərifə Abbasovaya təşəkkürlərini bildirdilər.