Gəncəli Cavad xanın anım günü keçirilib

15 yanvar 2022-ci il tarixində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin və “Cavad xan” Tarix Mədəniyyət Fondunun təşkilatçılığı ilə Gəncədə Cavad xanın anım günü keçirilib.
Əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramovun, Türkiyə Respublikasının Baş konsulu Zeki Öztürkün, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətovun, Gəncə şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyevin, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənovun, Gənclər evinin müdiri Amil Qurbanovun, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynovanın, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Gəncə bölgəsi üzrə şöbə müdiri Həsən Məmmədovun, eləcə də şəhər mədəniyyət müəssisə rəhbərlərinin, ziyalıların, ictimaiyyət nümayəndələrinin iştirakı ilə Cavad xanın məqbərəsi ziyarət olundu, onun məzarı üzərinə təzə-tər çiçəklər düzüldü, ruhuna dualar oxundu.
Sonra Gəncə Dövlət Dram Teatrında yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin “Cavad xan” tamaşası təqdim olundu.
Tamaşadan əvvəl Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov çıxış edərək tamaşanın ərsəyə gəlməsində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə öz təşəkkürünü bildirdi. Gəncədə Gəncə Dövlət Dram Teatrına yeni binasının inşa üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya gəncəlilərin adından səmimi minnətdarlığını bildirdi.
Sonra Azərbaycan Respublikasının Xalq artistləri Nurəddin Mehdixanlı, Əli Nur, “Cavad xan” Tarix Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov və başqaları çıxış etdilər.
Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında “Cavad xan” tamaşası təqdim olunub. Cavad xan rolunda Respublikanın Əməkdar artisti Elxan Yunis, Cavad xanın həyat yoldaşını isə Respublikanın Xalq artisti Pərvanə Qurbanova oynadılar.
Tamaşa gəncəlilər və şəhərin qonaqları tərəfindən alqışlarla qarşılandı.
Tamaşanın sonunda Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov teatrın yaradıcı kollektivinə, əsərin müəllifi, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədliyə öz səmimi minnətdarlığını bildirdi.
Tədbir iştirakçıları tamaşaya görə öz təşəkkürlərini bildirdilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.