Gəncədəki Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin 137 illiyi qeyd edilib

Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 137 illiyi münasibəti ilə tədbir keçirilib. Tədbirdə Bakı və Azərbaycan yepiskopu Aleksiy Smirnov, QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov, Gəncə Şəhər İcra Hakimiyyəti başçısı Aparatının və DQİDK-nin Gəncə-Daşkəsən Regional Bölməsinin rəsmiləri, eyni zamanda xristian dinindən olan şəhər sakinləri iştirak ediblər.

Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsinin 137 illiyi münasibətilə keçirilən mərasim zamanı kilsə zəngləri çalınıb, dini ayinlər icra olunub. Mərasimi Bakı və Azərbaycan yepiskopu Aleksiy Smirnov tərəfindən icra edilib.

Bakı və Azərbaycan yepiskopu Aleksiy Smirnov qeyd edib ki, burada yaşayan provaslav xristianlar Azərbaycan hökumətinin yürütdüyü xalqlar və dinləarası siyasəti yüksək qiymətləndirir. “Bu yaxınlarda Moskva və bütün Rusiyanın Patriarxı Kirillin də dediyi kimi, Azərbaycan dünya üçün tolerantlıq, çoxkonfessiyalı, müxtəlif xalqların bir yerdə yaşayışı nümunəsidir”, – deyə o qeyd edib.

QMİ-nin Qazılar Şurasının üzvü Hacı Tahir Abbasov bildirib ki, burada dini ayinin keçirilməsi Azərbaycanın tolerant dövlət, İslamın isə tolerant din əyani şəkildə sübut edir. O vurğulayıb ki, kilsələr də Allahın evidir və bura da bizim üçün müqəddəsdir. Bu gün Gəncədə, Azərbaycanın başqa şəhərlərində kilsələrin olması xalqımızın başqa dinlərə olan hörmətinin, məhəbbətinin nümunəsidir.

Qeyd edək ki, Gəncədə yerləşən Aleksandr Nevski adına Rus-Pravoslav Kilsəsi 1887-ci ildə bizans üslubunda plint kərpicdən inşa edilib. Kilsə həm yerli pravoslavların, həm də müsəlmanların xeyriyyə vəsaiti hesabına tikilib. 44 il ibadət evi kimi fəaliyyət göstərdikdən sonra 1931-ci ildə Sovet hökuməti tərəfindən bağlanıb. 1935-38-ci illərdə muzey binası olan məbəd, bir müddətdən sonra kafedral anbar kimi istifadə edilib. Bina 1946-cı ildə Rus Pravoslav Kilsəsinə qaytarılıb və yenidən qapılarını ibadət edənlərin üzünə açıb. Aleksandr Nevski adına Rus Pravoslav Kilsəsinin Kilsəsinin 7 zəngi var. Onlardan ən qədimi 1238-ci ilə aiddir. Qədim interyerindən müxtəlif ikonalar günümüzə qədər gəlib çıxıb. Bunlar arasında müqəddəs Aleksandr Nevski və müqəddəs Mariya Maqdalena adına ikonalarını xüsusi qeyd etmək olar. Tarixə şahidlik edən bu məbəd 2020-ci ildə ermənilərin Gəncəni terror atəşinə tutması nəticəsində zərər görüb. Qeyd edək ki, kilsə Bakı və Azərbaycan Yeparxiyasının tabeliyindədir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.