Gəncədə Mir Cəlal Paşayevin ev muzeyi

Əməkdar elm xadimi, yazıçı-alim Mir Cəlal Paşayevin ev muzeyi Gəncədə Bayan küçəsi 83-də yerləşir. Muzey Mir Cəlal Paşayevin 100 illiyi ərəfəsində, 29 sentyabr 2007-ci ildə açılıb. Muzey fəaliyyətə başlayanda eksponatların sayı 150-ə qədər idi. Hal-hazırda muzeydə eksponatların sayı 350-dən çoxdur.
Muzeydə nümayiş olunan eksponatlar arasında Mir Cəlal Paşayevin sənədləri, həyat və fəaliyyətini əks etdirən müxtəlif fotoşəkilləri var. Həmçinin muzeydə alimin şəxsi pasportu, orden və medalları nümayiş olunur. Burada Mir Cəlal Paşayevin azərbaycan və xarici dillərdə seçilmiş əsərləri, ayrıca kitab şəklində çap olunmuş hekayə, roman, povest və dərslikləri var.
Muzey kompleksində 2009-cu ilin aprel ayında Elmi-Ədəbi Tədqiqat Şöbəsi fəaliyyətə başlayıb. Bu şöbə Azərbaycan ədəbiyyatının araşdırılması məqsədi ilə yaradılmışdır.
Mir Cəlal Paşayevin ev muzeyində şair və yazıçıların kitab təqdimatları, şəhər ziyalıları ilə görüş-konsertlər, şagird və tələbələr üçün ədəbiyyat dərsləri keçirilir.
Mir Cəlal Paşayev Cənubi Azərbaycanda anadan olsa da, kiçik yaşlarından Gəncəyə köçüb və burada yaşamışdır. O, ilk təhsilini bitirdikdən sonra, Gəncə Türk Pedaqoji Texnikumunda təhsil almışdır. Paşayev Gәncәdə müəllim və mәktәb direktoru kimi fəaliyyət göstərmişdir.
Alim Azərbaycan Proletar Yazıçıları Gəncə şöbəsinin və Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. 1969-cu ildə Azərbaycan SSR Əməkdar elm xadimi adına layiq görülmüşdür.
Mir Cəlal Paşayev 1978-ci il sentyabrın 28-də vəfat etmiş və Bakıda İkinci Fəxri xiyabanda dəfn edilmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.