GƏNCƏ DÖVLƏT UNİVERSİTETİNDƏ “ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ” KEÇİRİLMİŞDİR

Gəncə dövlət universitetində Ümummilli lider, dahi şəxsiyyət Heydər Əliyevin anım günü keçirilmişdir.

Anım tədbirində ümummilli lider Heydər Əliyevin abidəsi önünə çiçəklər qoyulmuş, xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra, dahi şəxsiyyətin həyat və zəngin ictimai-siyasi fəaliyyətinin ayrı-ayrı mərhələlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

Tədbirdə rektor, professor Yusif Yusibov bildirib ki, zaman keçdikcə və biz dünyada baş verən siyasi prosesləri dərk etdikcə Heydər Əliyevin xalqı və dövlətçiliyi üçün nə qədər cəsarətli addımlar atdığını, böyük zəhmət, məşəqqət və fədakarlıq hesabına müstəqil Azərbaycan dövlətini qurub yaratdığını bir daha özümüz üçün aydınlaşdırmış oluruq.

Rektor Yusif  Yusibov vurğulayıb ki, müasir müstəqil Azərbaycan dövlətinin banisi ulu öndər Heydər Əliyev güclü dövlət yaratmaqla yanaşı, özündən sonra çoxşaxəli islahatların varisliyini uğurla təmin edə biləcək peşəkar lider də yetişdirib. “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” deyən Heydər Əliyevin xalqımıza özünün layiqli davamçısı kimi təqdim etdiyi İlham Əliyevin prezidentlik fəaliyyətinin qısa təhlili belə bu fikrin təxmin deyil, qəti qənaət olduğunu sübut edir. Ümummilli Liderin müəyyən etdiyi strategiyanı ötən müddətdə uğurla həyata keçirən və yeni dövrün ruhuna uyğun zənginləşdirən Prezident İlham Əliyevin ölkəyə rəhbərlik fəaliyyətini diqqətlə nəzərdən keçirdikdə onun dövrün çağırışlarına çevik reaksiya verən, yüksək erudisiyaya və idarəetmə bacarığına malik, xalqına və dövlətinə qəlbən bağlı lider olduğu bir daha təsdiqini tapır. Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan bu gün dünyanın siyasi sistemində özünəməxsus yeri ilə seçilir.

Tədbirdə çıxış edən elm və innovasiyalar üzrə prorektor Pərvin Kərimzadə, rektorun baş müşavir Asif Cavadov və azərbaycan tarixi kafedrasının müdiri Emma Aslanova qeyd ediblər ki, Ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi, iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olmaq arzusunu reallığa çevirmiş fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq hələ sağlığında canlı əfsanəyə çevrilmişdir. Məhz dünyamiqyaslı ictimai-siyasi xadim Heydər Əliyevin əməyi, qətiyyəti, möhkəm siyasi iradəsi sayəsində müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur.

Sonra universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva “Heydər Əliyev və Azərbaycan tarixi”, GDU YAP universitet ilk təşkilatının sədri Cavid Bağırzadə “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, Azərbaycan tarixi kafedrasının baş müəllimi Elminaz Namazova “Heydər Əliyev Azərbaycanın xarici siyasətinin memarıdır”, həmçinin tələbə Tərlan Pənalıyevin  “Heydər Əliyev  və Azərbaycan gəncliyi”  mövzusunda çıxışları dinlənilmişdir.

 MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.