Gəncə Dövlət Dram Teatrı vətənpərvərlik ruhunda Videoçarx hazırladı

Müasir şəraitdə gənclərin vətənpərvərlik tərbiyəsinin formalaşması üçün tələb olunan bir çox məsələlər var ki, onların içində vətənpərvərliyin və hərbi-vətənpərvərliyin təbliği önəmli yer tutmaqla, günümüzün vacib məsələlərindən birinə çevrilməkdədir.Gənclərin vətənpərvərliyi, onların milli şüura bağlı olması üçün görülən işlər, təbliğat-təşviqat işi hər gün davam etdirilməlidir.

Gənclərin yetişməsində vətənpərvərlik mahnılarının, bu istiqamətdə yazılan musiqi əsərlərinin, kliplərin, video-çarxların rolu əvəzsizdir. Müharibə şəraitində yaşayan bir ölkənin gənclərinin vətənpərvərlik ruhunun daha da inkişaf etdirilməsinə istiqamətlənərək, ərsəyə gətirilmiş bu sənət əsərlərində Xalq-Dövlət-Ordu birliyi daha çox hiss olunur. Bu səbəbdən, bu ruhda yazılan əsərlər günü-gündən daha çox təbliğ olunmalı, onların arasında keyfiyyətli olanları tele-kanallarda, radio efirlərində hər gün təqdim edilməlidir.

Bu gün  kiçik istisnaları nəzərə almasaq, deyərdik  ki, bu sahədə susqunluq aradan qaldırılmaqdadır.Gün ərzində televiziya və radiolarda onlarla ifa, mahnı, klip təqdim edilsə də, heç onların 2-3 faizini belə vətənpərvərlik nümunələri təşkil etmir. Bununla belə, bu gün yaradıcı insanlar gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasına, bu ruhda böyüməsinə rəvac verən,  hərbi- vətənpərvərlik mövzusunda diqqətçəkən, maraqlı, dolğun, eləcə də müxtəlif həcmli, janrlı onlarla sənət əsərləri yaratmaqda davam edirlər. Bu işdə əlbəttə ki, mədəniyyət sahəsində çalışan qeyrətli oğul və qızların rolu böyükdür.

Vətənpərvərlik ruhunda atılan təqdirəlayiq addımlardan birinə Gəncə Dövlət Dram Teatrının kollektivi imza atmışdır. Şair, dramaturq Aydın Murovdağlının “Alın yazısı” poeması əsasında hazırlanmış, torpaqlarımız uğrunda rəşadətlə döyüşən, Doğma Qarabağımızda erməni qəsbkarlarını diz çökdürən Milli Ordumuza dəstək kompaniyası çərçivəsində ekranlaşdırılmış sosial videoçarx bu sahədə mədəniyyət işçilərinin, teatrın kollektivinin gördüyü möhtəşəm bir işdir!

-Videoçarx “Alın yazısı” poemasında yer almış və  Ali Baş Komandana həsr olunmuş şeirlər əsasında hazırlanmışdır. Çarxda Azərbaycanın Böyük Vətən müharibəsində əldə etdiyi uğurlar Gəncədə doğulub boya-başa çatan tarixi şəxsiyyətlərinin dilindən söylənilir. Onların ruhu şaddır. Əldə etdiyimiz qələbələrə sevinir və bu qələbələr onların dilindən alqışlanır. Çarxın əsas mövzusu bundan ibarətdir,- teatrın direktoru Əli Qasımov deyir.- Bu vətənimizin qürur duyduğu, günümüzün reallığını əks etdirən bir sosial videoçarxdır. Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Comərdi Qəssab, Mirzə Şəfi Vazeh, Cavad xan kimi tarixi obrazlarının bu günlərdə ruhunun şad olmasını görürük bu çarxda.- Əli Qasımov bildirir.

P.S. Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımovla telefonla aldığımız müsahibədə bu sahədə eyni səpkili yeni işlərin planlaşdırıldığını, Milli Ordumuza dəstək kompaniyası çərçivəsində bundan sonra da təbliğat xarakterli daha bir neçə işə imza atılmasının gündəmdə olduğunu öyrəndik.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.