Gəncənin ilk musiqi məktəbi

                                             1-ci yazı

Milli dövlətçilik dəyərlərinin əsasını sağlam düşüncəli mədəniyyət təşkil edir. Mədəniyyət bir xalqın mənəvi dünyasının, milli mövcudluğunun əsas atributlarından biridir. Milli mədəniyyətimizin görkəmli, bacarıqlı və istedadlı nümayəndələrinin timsalında mədəni, mənəvi həyatımızda nailiyyətlər günü-gündən artmaqdadır. Bu, mədəniyyətə yüksək şəkildə mənəvi-əxlaqi yanaşmadır və daha yüksək uğurlara və inkişafa yol açır.

Bu işdə respublikamızda fəaliyyət göstərən Uşaq Musiqi Məktəblərinin də rolu böyükdür. Məhz bu təhsil ocaqlarında uşaqlar musiqinin ecazkar dünyasına daxil olur, musiqini daha yaxşı başa düşür, sevir, musiqinin müxtəlif vasitələrindən istifadə etməklə, uşaqlara ictimai maraqlar, yüksək insani keyfiyyətlər aşılanır.

Belə məktəblərdən biri də Gəncə şəhərində fəaliyyət göstərən F.Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbidir. Onu da bildirək ki, bu təhsil ocağı Gəncədə yaradılan ilk musiqi  məktəbidir. Bu illər ərzində məktəb onlarla görkəmli incəsənət və mədəniyyət xadimləri yetişdirmişdir və bu gün də səmərəli işi ilə öncül təhsil ocaqlarından sayılır.

Müsahibimiz Gəncə şəhər  1 saylı Uşaq Musiqi Məktəbinin direktoru  Aida Əmrahovadır.

    R.Z.- Aida müəllimə, rəhbərlik etdiyiniz təhsil ocağını zəngin tarixinə,milli mədəniyyətimizə bəxş etdiyi yüzlərlə istedadlı musiqiçi-məzuna görə əsl musiqi məbədi adlandırmaq mümkündür. Bu məktəb həm də Gəncədə yaradılan ilk musiqi məktəbidir. Keçmiş ənənələri necə yaşadırsınız?

    A.Ə. – Məktəbimiz yarandığı gündən böyük ənənələri özündə daşıyan bir təhsil məbədi olmuşdur. Və yarandığı ilk gündən də  burada görülən bütün işlər xalqımızın ən böyük incəsənət xadimlərinin adı ilə bağlı olmuşdur. Bu təhsil ocağı 1923-cü ildə Məşədi Cəmil Əmirovun ( Fikrət Əmirovun atası) səyi, Üzeyir Hacıbəyovun və Bülbülün  köməkliyi ilə Azərbaycanda yaranan ilk musiqi məktəbidir. Üzeyir Hacıbəyovun təklifi və təşəbbüsü ilə bu sənət ocağına direktor tarzən, bəstəkar Məşədi Cəmil Əmirov təyin edilmişdi. O dövrlərdə Avropasayağı musiqi məktəbinin yaradılması çətin bir iş idi. Lakin, qarşıya çıxan çoxsaylı çətinliklərə baxmayaraq, xalqımızın layiqli övladları bu şərəfli işin öhdəsindən gəldilər. Hətta yerli mütəxəssislərin çatışmadığı bir dövrdə Moskva, Sankt-Peterburq və Kiyev şəhərlərindən musiqiçilər  bu məktəbə dəvət olundular. Çox keçmədi ki, məktəb öz səmərəli fəaliyyəti ilə irəliyə doğru addımlamağa başladı. Məktəb öz kadrlarını yetişdirdi, ənənələr yarandı. Onların çoxu sonradan Azərbaycanın fəxri sayılan, sayılan-seçilən sənətkarlar, mədəniyyət və incəsənət xadimləri oldu. Onların sayı onlarladır. Bunların bir çoxu məşhur bəstəkarlar, musiqi sahəsi üzrə alimlər, professorlar, Respublikmızın Əməkdar və Xalq artistləri və sairələridir. Bu sənətkarlar həmişə ilk musiqi təhsilini aldıqları doğma məktəblə daim əlaqə saxlayıb. Bu əlaqələr indi də davam edir. Biz onları məktəbimizə dəvət edirik, onlarla yüksək səviyyədə görüşlər keçiririk. Belə görüşlər adətən yüksək səviyyədə təşkil olunan, uzun müddət yaddaşlardan silinməyən anlara çevrilir.

Bu gün məktəbimiz Fikrət Əmirovun adını daşıyır. İstedadlı bəstəkarımız  F.Əmirov 1942-ci ildə Böyük Vətən Müharibəsində cəbhədə ağır yaralanmış  və ordudan tərxis olunmuşdu. Üzeyir bəyin məsləhəti ilə Gəncə şəhər 1 saylı Uşaq Musiqi  Məktəbinə və Gəncə Filarmoniyasına elə bu məktəbin məzunu olmuş 21 yaşlı bu gənc istedad rəhbər təyin olundu. Bu illərdə məktəbimizin fəxrləri sayılan onlarla istedadlı musiqiçilər yetişdi, respublikamızda tanınan təhsil ocaqlarından biri kimi tariximizə düşdü. 1987- ci ildən məktəb bu unudulmaz şəxsiyyət və incəsənət xadiminin, bəstəkar  Fikrət Əmirovun adını daşıyır. Məktəbin fəaliyyəti bütün dövrlərdə səmərəli olmuş, milli musiqi və mənəvi dəyərlərimizi ən yüksək səviyyədə təbliğ və təşviq edən, böyük sənətkarlar yetişdirən bir təhsil məbədinə çevrilmişdir.

    R.Z.- Bu gün keçmiş ənənələr necə davam etdirilir? Məktəbiniz səmimiyyətlə “bu gün təhsilin, tədrisin qarşıya qoyduğu vəzifələrin öhdəsindən tam gəlirik!- deyə bilərmi?

    A.Ə.- Təhsil  qabiliyyəti, istedadı formalaşdıran, inkişaf etdirən bir vasitədir.  Bu vasitələr sırasında uşaqların musiqi təhsili də önəli yerlərdən birini tutur. Biz bunun məsuliyyətini  başa düşür və milli musiqimizin tədrisi və təbliği yolunda əlimizdən gələni edirik. Heç də təsadüfi deyildir ki, təmsil etdiyimiz məktəb Gəncə şəhərində ən qabaqcıl təhsil ocaqlarındandır. Əldə etdiyimiz uğurlar, nailiyyətlər heç də respublikamızın digər musiqi məktəblərindən az deyildir. Hətta, bir çox işlərdə biz digərlərindən daha qabaqda getmişik. Azərbaycan mədəniyyətinin inkişafı yolunda bütün var gücümüzü həsr etmişik. Azərbaycanda heç bir musiqi məktəbi bizim yetirmələrimiz qədər sayda görkəmli insanlar yetişdirməyib. Bu iş bu gün də davam edir. Ənənə ləyaqətlə davam etdirilir.

Bu gün mətbuatda Uşaq Musiqi Məktəblərinin işi haqda çoxlu sayda materiallar dərc edilməkdədir. Bu məktəblərə rəhbərlik edənlər  qazandıqları ən kiçik işlərlə belə qürur duyur, öz sevinclərini bölüşürlər. Bizim təhsil ocağı da böyük nailiyyətlərə, uğurlara imza atır. Hər il bu uğurların sayı daha da artmaqdadır. Bu uğurlara tək hansısa nailiyyətlərin əldə edilməsi kimi baxmaq da düzgün olmazdı. Bunun arxasında həm də insan əməyi, bu uğurların qazanılmasına verilmiş gərgin zəhmət, musiqinin tərbiyəvi potensialından istifadə etməklə uşaqların, eyni zamanda insanların mənəvi ruhunu oxşayan işlərin sistemli şəkildə həyata keçirilməsi, yeni sosial, fəal insanların formalaşdırılması durur. Milli musiqiyə, incəsənətə olan meyil və maraq  günü-gündən artmaqdadır.  Cəmiyyətimiz də birmənalı şəkildə milli musiqimizin inkişafında maraqlıdır. Musiqi təhsili isə bununla bizim qarşımıza çoxlu sayda vəzifə və məqsədlər qoymuşdur. Biz bu vəzifələrin öhdəsindən ləyaqətlə gəlmişik, uşaqlarda musiqi mədəniyyətinin formalaşdırılmasına, onların mənəvi aləminin zənginləşdirilməsinə ömrümüzü həsr etmişik. Məhz biz müəllimlərin böyük əməyi nəticəsində şagirdlərimizdə musiqi-yaradıcı bacarıqlar inkişaf etdirilib, günü-gündən bu bacarlıqlar artırılıb, onlarda musiqiyə məhəbbət, musiqiyə təlabat yaranıb, musiqi-estetik hisslər inkişaf etdirilərək, həyat normasına çevrilib. İndi məktəbimiz bununla qürur duyur, fəxr edir.

Bəli, biz bu gün tam səmimiyyətlə və məsuliyyətlə “bu vəzifələrin öhdəsindən gəlmişik!”- deyə bilərik. Digər təhsil ocaqları kimi bizim məktəbin da qarşısına qoyulan sosial tələblər vardır. Qarşımızda duran bu vəzifələr musiqi sahəsində bacarıqlı, savadlı insanların yetişdirilməsini bizdən tələb edir. Biz də öz növbəmizdə bu vəzifələrin öhdəsindən bacarıqla gəlməyə çalışırıq.

Məktəbimizdə böyük təcrübəyə malik savadlı müəllimlər çalışır. Uzun illər ərzində bu təhsil ocağında musiqi təhsili ilə bağlı hər şeyə sistemli münasibət formalaşmışdır. Bütün var qüvvəmizlə şagirdlərin bu sahədə bilik və bacarıqlarının formalaşmasına və inkişaf etdirilməsinə can atırıq. Gördüyümüz bütün işlər də musiqi təhsili üzrə eyni maraq və vəzifələrə xidmət edir. Heç də təsadüfi deyildir ki, məktəbimiz öz yetirmələri, yetirmələrimiz isə bu məktəblə fəxr edib və edir. Məktəbimizin şagirdləri şəhər, zona, respublika səviyyəli baxış və müsabiqələrdə iştirak edir, qalib yerləri tutur, yüksək hazırlıq səviyyəsi nümayiş etdirirlər.

 R.Z.- Rəhbərlik etdiyiniz kollektivi tez-tez şəhər səviyyəli tədbirlərdə görürük. Kollektivinizin bu tədbirlərdə belə fəal iştirakı çox sevindirici haldır.

    A.Ə.- Məktəbimizin kollektivi şəhərimizdə təşkil edilən bütün tədbirlərdə həmişə həvəslə iştirak edir. Konsert proqramları ilə çıxış edirik,  hərbi hissələrdə bayram konsertləri təşkil edirik. Gəncə şəhər Mədəniyyət İdarəsinin bütün tapşırıqlarını canla-başla yerinə yetiririk. Kollektivimiz bu işlərdə də daim seçilib. Biz varlığımızla müəllim əməyinin nə dərəcədə dəyərli olduğunu işimizlə sübut edirik. Şagirdlərimizin və müəllimlərimizin bu tədbirlərdə çıxışları həmişə alqışlarla qarşılanıb.

Müəllimlər müasir cəmiyyətimizin ən aparıcı qüvvəsi, təhsil və mədəniyyət isə dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Biz bu fəaliyyət dairəsində dövlətimizə və xalqımıza sadiq insanlar kimi bizə göstərilən qayğıya öz səmərəli işimizlə cavab verməyə çalışırıq.  Azərbaycan mədəniyyətini və incəsənətini təmsil edən görkəmli şəxsiyyətlərin bir çoxu müxtəlif illərdə  məktəbimizin qonağı olmuşdur. Bu görüşlər məktəbimizin inkişafına göstərilən böyük diqqətdən xəbər verir. Onların içərisində respublikamızın o vaxtkı Mədəniyyət Naziri hörmətli Polad Bülbüloğlu da vardır. 2002-ci ildə  dünya şöhrətli bəstəkar Fikrət Əmirovun 80 illik yubileyi münasibətilə məktəbimizdə  “ Xatirə muzeyi” yaradılmışdı. Bu münasibətlə  hörmətli nazir məktəbimizdə qonaq olmuş, məkltəbin işi və qayğıları ilə maraqlanmış, kollektivimizin uzun illər ərzində mədəniyyətimizin inkişafı naminə sərf etdiyi gərgin əməyinə yüksək qiymət vermişdir.

Mən 2004-cü ildən bu musiqi məktəbinə rəhbərlik edirəm. Dövlətimizin qayğı və diqqəti heç vaxt üstümüzdən əskik olmayıb. Biz də bu qayğıya və diqqətə həmişə uğurlarla bol olan fəaliyyətimiz ilə cavab vermişik.

    R.Z.- Məktəbinizdə pedaqoq-şagird-valideyn münasibətləri hansı səviyyədədir? Və bu təhsilin, tədrisin səviyyəsinə nə dərəcədə müsbət təsir göstərir?

    A.Ə.– Pedaqoqlar, şagirdlər və valideynlər  həmişə təşəbbüslər irəli sürən bir komandadır. Onlar  yeni-yeni ideyalar irəli sürür, bu təşəbbüslərin həyata keçirilməsi üçün yorulmadan çalışır, daim irəli getməyə can atırlar. Ötən tədris ili çoxlu sayda uğurlarımız olub, gələcək perspektivdə uğurlarımızın daha da çox olacağına inanırıq. Musiqi dünyası gözəl və sərhədsiz bir aləmdir. Biz isə uşaqları bu gözəl dünyanı duymağa kömək edən bir təhsil ocağıyıq.

Hər dəfə uğurlara imza atdıqca, biz də sevinirik. Daha yaxşı işləməyə həvəslənirik. Bilirik ki, gələcəkdə bizi daha böyük nailiyyətlər və uğurlar gözləyir…

                              Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.