Gəncədə ”Unudulmayan Qəhrəmanlar” adlı tədbir keçirilib

Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Heydər Əliyev Mərkəzi və Mir Cəlal Paşayev Ev Muzeyinin təşkilatçılığı ilə Tovuz döyüşlərinin ildönümü ilə əlaqədar ”Unudulmayan Qəhrəmanlar” adlı tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan Gəncə şəhər Heydər Əliyev Mərkəzinin direktor əvəzi İlknur İsgəndərova Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən bəhs etdi. O, qeyd etdi ki, qələbə ilə yekunlaşan 5 günlük Tovuz döyüşləri Azərbaycanın uzun illər işğal altında olan torpaqlarının azad olunmasına yol açıb. İyul döyüşləri düşmən tərəfindən Ermənistan – Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulması ilə başlayıb. Təcavüzkar Ermənistanın dövlət sərhədinə xaincəsinə hücumunun qarşısı Azərbaycan ordusu tərəfindən nəinki qətiyyətlə alındı, eyni zamanda düşmənə ağır zərbələr endirildi, çoxlu sayda hərbi texnika və canlı qüvvəsi məhv edildi. Döyüşlər zamanı yüksək rütbəli bir neçə zabitimiz həyatını itirdi. Bu hadisələr ölkəmizdə xalq və dövlət, xalq və ordu birliyinin möhkəmliyini sübut etdi. Azərbaycan ordusu bir daha göstərdi ki, Ermənistan hərbi birləşmələri onun qarşısında acizdir.

Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, “Əməkdar Mədəniyyət İşçisi”, şair-publisist Bəxtiyar Muradov, Mir Cəlal Paşayev Ev Muzeyinin direktoru İradə İbayeva, Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Dursun Əliyeva öz çıxışlarında Tovuz döyüşləri, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin ərazi bütövlüyü və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni təxribatlarının qarşısının alınması istiqamətində Prezident cənab İlham Əliyevin yürütdüyü düzgün siyasi kurs barədə və xalqımızın qətiyyətli mübarizəsindən bəhs etdilər. Həmçinin qeyd olunub ki, general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov və Anar Novruzov, eləcə də digərləri Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqlar. Onlar döyüş meydanında mərdliklə döyüşərək şəhidlik məqamına ucalıblar. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlər heç vaxt unudulmur, həmişə minnətdarlıq duyğuları ilə yada salınır, xatirələrinə dərin ehtiram bəslənilir.

Sonda Gəncə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi, şair-publisist Bəxtiyar Muradov “Sağ ol Ali Baş Komandanım, var ol Milli Ordumuz” və Gəncə şəhər Heydər Əliyev Mərkəzinin elmi işçisi Gülər Ellazova “Şəhadətin zirvələri” şeirlərini söylədilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.