Etibar Əliyev: “Dünyanın heç bir ölkəsində universitetlə belə məzələnmirlər”

“Saxla samanı, gələr zamanı…Rektorların, vəzifəli şəxslərin universitetlərdə kafedra müdiri vəzifələrini tutmağı dəb halını alıb.

ETMTV.news xəbər verir ki, bu sözlər təhsil eksperti, fəlsəfə doktoru Etibar Əliyevin “feysbuk” sosial şəbəkəsindəki  qeydlərindəndir. E. Əliyev daha sonra fikrini belə davam etdirir: 

“Yazırlar ki, Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edildikdən sonra universitetə gedib-gəlir. O, “Üzvi kimya” kafedrasının müdiri vəzifəsində qalır. Abel müəllimin yaxşı kimyaçı olmasını deyənlər var. Əslində rektorların, vəzifəli şəxslərin universitetlərdə kafedra müdiri vəzifələrini tutmağı dəb halını alıb.

Abel müəllimdən 7 il qabaq (1992-cü ildə)Tibb universitetinə rektor təyin olunmuş Əhliman Əmiraslanov da özünü “Onkologiya” kafedrasına müdir təyin etmişdi. Yəqin ki, o da ora gedib – gəlir. Keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov BDU-nun Biologiya fakültəsində “Torpaqşünaslıq” kafedrasının müdiridir. O, da ora gedib – gəlir. Misir Mərdanov Təhsil naziri təyin olunandan indiyə qədər BDU-da “Ümumi riyaziyyat” kafedrasının müdiridir. İşi yaman ağırdır. Həm Riyaziyyat və Mexanika İnstitutuna, həm də BDU-ya gedib- gəlir. Şəmsəddin Hacıyev İqtisad Universitetinin rektoru olanda özünü “Beynəlxalq iqtisadi münasibətlər” kafedrasına müdir təyin etmişdi. Bax, Hacıyevin ora gedib–gəlməsindən xəbərsizəm.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov Bakı Dövlət Universitetində “Ümumi fizika ” kafedrasının müdiridir. Qulaqlara qurğuşun, nə zamanasa MSK sədrliyindən getsə, o da BDU-ya gəlib – gedəcək.
Dünyanın heç bir ölkəsində universitetlə belə məzələnmirlər. Gedib – gəlirlər, gəlib – gedirlər… Nə vaxtacan! Allah bilir. Sonra da deyirlər ki, Universitetlərdə cavan kafedra müdirləri yoxdur.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.