Dünyanı heyrətləndirən Qələbə

2020-ci ilin sentyabrın 27-dən başlayan və noyabrın 10-da Ermənistanın biabırçı məğlubiyyəti ilə başa çatan Vətən müharibəsi tariximizin ən parlaq və şərəfli səhifəsidir. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdi və dünyaya əsil Hərb qüdrətini nümayiş etdirdi.
Azərbaycan tarixin bir çox mərhələlərində müxtəlif ictimai-siyasi, iqtisadi səbəblərdən zəifləmiş və torpaqlarını itiribdir. Səfəvilər dövləti dağıldıqdan sonra Azərbaycan torpaqlarının itirilməsi prosesi baş verdi. XX əsrin əvvəllərində 114 min kv.km-ə qədər olan ərazilərimiz sovet imoeriyası işğalı dövründə 86,6 min kv.km-ə qədər azaldıldı. Beləliklə, XVIII əsrdən 1991-ci ilə qədər olan müddətdə Azərbaycan torpaq itkiləri ilə üzləşibdir. Ancaq heç vaxt tarixi ərazilərinin geri qaytarılması, torpaq bütövlüyünü bərpa edilməsi üçün mübarizəsini dayandırmayıb, öz Xilaskar liderinin bir gün bu çətin və şərəfli tarixi missiyanı yerinə yetirəcəyi günü gözləyib.
Məğlubedilməz Sərkərdə, Cənab İlham Əliyev 200 il əvvəlki tarixi torpaqlarımızın hüdudlarını bərpa etməklə tarixi həsrətə son qoydu. Son 200 ildə tarixi torpaqlarını ardıcıl şəkildə itirməyə məhkum edilmiş Azərbaycan xalqının milli mənliyini, mənəvi ruhunu və siyasi gücünü özünə qaytardı, tarixi ədaləti bərpa etdi.
İlham Əliyev Azərbaycanın zəngin dövlətçilik tarixinə itirilmiş torpaqları geri qaytaran qalib Sərkərdə kimi daxil oldu. Bu konteksdə mübaliğəsiz demək olar ki, Şah İsmayıl Xətaidən sonra İlham Əliyev Azərbaycan dövlətinin öz ərazilərinə tam nəzarəti bərpa edən Xilaskardır.
Azərbaycan həm də indiyə qədər tam qoruya bilmədiyi sərhədlərinin mühafizəsini də bərpa etdi. Öz sərhədçilərimiz Zəfərə qədər müstəqil və ərazi bütövlüyü tam olan dövlət sərhədlərini qoruya bilməyib. Sovetlər Birliyindən əvvəl də, İttifaqın tərkibində olanda da sərhədlərimizi başqaları, sovet sərhədçiləri qorumuş, son 30 ildə Ermənistanla müharibə sərhədçilərimizin öz ərazilərində keşik çəkməsinə imkan verməmişdi. Nəhayət 200 ildən sonra müstəqil Azərbaycan dövlətinin öz əsgəri öz sərhəddində keşik çəkir.
Azərbaycan Ordusu bu Qələbə ilə həm də özünün yüksək döyüş hazırlığını, hərbi bacarığını, xüsusi istedadını dünyaya nümayiş etdirdi. Bu zəfər bütün dünyada böyük əks-səda doğurdu, dünyanın bir çox ölkələri 44 gün ərzində çətin iqlim şəraitində, ağır relyefdə Azərbaycan hərbçilərinin bu qədər sürətlə və peşəkarlıqla böyük bir ərazini düşməndən azad etməsini yaxşı mənada heyrətlə qarşıladılar. Dünya hərbində bir çox əməliyyatlar aparılıb, ancaq Azərbaycanın “Dəmir Yumruq” əməliyyatı kimi möhtəşəm hərbi-strateji plan həyata keçirilməyib. Xüsusilə də Şuşanın azad edilməsi dillərə dastan oldu, alınmaz qala hesab edilən Şuşanın sıldırım qayalıqlarına dırmaşan Azərbaycanın fatehləri əliyalın, silahsız dünya tarixində görünməyən bir məharətlə olmayanı bacardı. Bu rəşadət hərb sənətində misli görünməmiş yenilik və ən müasir unikal döyüş əməliyyatı modeli kimi dünya hərb tarixinə yazıldı.
Dünyanın güc mərkəzləri bu gün də Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda nümayiş etdirdiyi döyüş taktikası və istifadə etdiyi yüksək dəqiqliyi öyrənir, hərbi mütəxəssislər,ekspertlər Ordumuzun tətbiq etdiyi yeni taktiki üsullara istinad edir. Dünyanın aparıcı hərbi elmi mərkəzlərində Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində təcrübəsi nümunə kimi qəbul edilir. Hətta ABŞ ordusu Azərbaycanın taktiki hərbi modelini araşdırır.
Azərbaycan həm də dünya siyasi tarixinə ilk yenilik gətirən hadisəyə imza atdı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını özü təmin etdi və bu, BMT-nin yarandığı vaxtdan indiyə qədər dünyada ilk haldır.
Vətən müharibəsinin uğurlu sonluğu bölgədə qüvvələr nisbətini dəyişdi, yeni reallıq yaratdı. İndi biz tək deyilik. Qardaş Türkiyə artıq yanımızda, siyasi masadadır.
Azərbaycan və Türkiyə prezidentlərinin bir-birinə qardaş deyə müraciət etməsi, ay-ulduzlu bayraqlarımızın yanaşı dalğalanması dostlarımız üçün fəxarət, bədxahlarımız üçün göz dağıdır.
Prezident İlham Əliyevin ötən gün BMT Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı da bəyan etdi ki, Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. “Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir”. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.
Əzəli Azərbaycan torpağı olan Qarabağımızı öz qanı və canı bahasına bizə geri qaytaran bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə sağlamlıq diləyirəm.
Eşq olsun Müzəffər Ordumuza!
Eşq olsun Ali Baş Komandana!
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.
Bir 1 nəfər və mətn şəkili ola bilər

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.