Dumanlar başında dastana döndü…-Şəhid gizir Xudayar Yusifzadənin xatirəsinə

Onun adı gələndə hər kəsin gözünün önündə məhz onun gülən siması dayanır və qeyri-ixtiyari olaraq, kövrəlirsən. Bu igid “Vətən yaxşıdır” mahnısı ilə dastana dönən 22 yaşlı şəhid gizirimiz Xudayar Yusifzadədir!

Onun xarakterində ən vacib cəhət – şərəf hissinin güclü olması idi. O, vətənini hər şeydən çox sevirdi. Ağıllı və təşəbbüskar idi. Düşmənə nifrət, doğma xalqına məhəbbət hissləri onu qorxmaz, cəsur əsgərə çevirmişdi.

O, igidlik, rəşadət, vətənə məhəbbət rəmzi idi.

    Xudayar Yusifzadə həyatda səbrli və eyni zamanda məqsədinə çatmaq yolunda inadkar bir insan olub. O, öz yaxınlarını, doğmalarını, vətənini, xalqını, bir sözlə, insanları sevirdi. Həyatda gülərüz, mülayim insan idi. Mənfur düşmənə olan nifrəti və qəzəbi isə onu vətəninin sadiq, qorxmaz və cəsur əsgərinə çevirdi.

Artıq bütün xalqın sevimlisinə çevrilmiş bu igid əsgər yaddaşımızda əbədi olaraq belə qaldı. Bir də… səsləndirdiyi, Vətəninə böyük, tükənməz məhəbbət dolu mahnısı ilə. 22 yaşlı bu əsgər döyüşlərin ortasında oxuduğu bu mahnı ilə tanındı. Onun özünün isə bu qədər tanındığından, artıq milyonlarla insan tərəfindən sevildiyindən xəbəri yox idi. 44 günlük müharibədə Zəngilan uğrunda gedən döyüşlərdə həlak olmuşdu. Oxuduğu mahnı ilə özü də dastana döndü. Onun gözəl, məlahətli səsi vardı. Yanğılı, həzin mahnılar onun ifasında Vətənə sonsuz məhəbbətin simvoluna çevrildi.

…Keçdi xəyalımdan öz gözəl yurdum,

Dumanlar başımda dastana döndü.

Deyirlər bülbülə çəmən yaxşıdır,

İnsançün laləzar vətən yaxşıdır.

Şair, sorma Vətən nədən yaxşıdır,

Adı gəlcək könlüm, dastana döndü…

Xudayar Yusifzadə ailənin sonbeşiyi idi. 1998-ci il iyulun 15-də Bərdə şəhərində anadan olub. Doğulduğu gündən 24 gün sonra Bərdənin tanınan qarmon ustalarından olan atası Müslümü itirib. Bərdə şəhərində Bülbül adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin məzunu idi. Hələ ailə qurmamışdı.

“- Qəşəng səsi vardı, “Şuşanın dağları”, bir də “Sarı gəlin”i çox oxuyardı uşaq vaxtı. “Şuşanın dağları”nı oxuyandan sonra səhərisi gün onu aparıb Musiqi Məktəbinə qoyduq. Məktəbi qurtaran ili onu Ağcabədiyə, Muğam müsabiqəsinə aparmışdılar. Orda Xudayar 1-ci yerin qalibi oldu. Tərifnaməsi də var.” – Xudayarın nənəsi Tovuz Məmmədova xatırlayır.

Lakin sonralar musiqiçi olmayacağını, hərbçi olmaq qərarına gəldiyini bildirmişdi. Onun vətən həsrəti o biri uşaqlar kimi Xudayara da  sirayət etmişdi. Ona hərbi paltar çox yaraşırdı. – yaxınları qeyd edirdillər.

Xudayar hərbçi həyatını qəlbən sevərək seçmişdi. O, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində müvəqqəti hərbi xidmətini bitirdikdən sonra gizir kimi həqiqi hərbi qulluğa başladı. Onun ata-baba yurdu olan Ağdam 27 il idi ki, işğal altında idi. Döyüşlərdə iştirak etmək, torpaqlarımızın azad edilməsində onun da əməli payının olmasını istəyirdi. Tovuz döyüşlərindən sonra, könüllü olaraq, döyüşmək üçün müraciət də etmişdi. O, Fizulinin azad olunmasından sonra oradakı yeni yaradılmış sərhəd – keçid məntəqəsində xidmətə başlamışdı. Kəlbəcər, Cəbrayıl, Zəngilan istiqamətində gedən döyüşlərdə könüllü olaraq, iştirak etmişdi. Sonralar Kəlbəcər rayonu Murovdağ yüksəklikləri uğrunda gedən döyüşlərdə iştirak etdi. Bir müddət sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində döyüşlərdə vuruşdu. Zəngilanın Ağbənd kəndinin azad olunmasında şücaət göstərmiş və orada yaralanmasına baxmayaraq, düşməni məhv etmişdi. Aldığı ağır yaralardan şəhidlik zirvəzinə yüksəldi.

Xudayarın döyüşlərdən iki gün öncə Əliağa Vahidin sözlərinə yazılmış “Vətən yaxşıdır” mahnısını oxuyarkən, döyüş yoldaşları ilə özünü videoya almışdı. Həmin video sosial şəbəkələrdə trendə çevrildi. Bununla belə o, döyüşlərdə olduğunu israrla ailəsindən gizlədirdi. Müharibənin ağır, əzablı yollarından keçən, qanlı döyüşlərə qatılan,  bu qanlı-qadalı günlərdə müharibənin ağırlığını  hər an yaşayan döyüşçü yaxınlarının ondan narahat olmasını istəmirdi.

Xanəndəliyi deyil, polis olmağı seçən Xudayar Polis Akademiyasına qəbul ola bilmir. Daha sonra Dövlət Sərhəd  Xidmətində kursa daxil olur. Buranı bitirib işə başlayır. Bu il iyulun 12-də baş vermiş Tovuz döyüşlərində general-mayor Polad Həşimov həlak olandan sonra Xudayar Yusifzadə könüllü kimi orduya yazılır. Amma… bunu da ailəsindən gizlədir.

“- Əsgərliyin çətinliyindən heç vaxt danışmazdı Xudayar. Heç bilmədik ki, onların hansı çətinlikləri olur, onların nəyə ehtiyacı var. Döyüşdə hər şey ola bilər. Yağı düşmənlə ağır döyüşlər gedir, orda ac da, yuxusuz da qala bilərlər. Amma telefonu açırdın, elə bil Xudayar hansısa istirahət mərkəzindən danışırdı. Onun söhbətləri insana bir mənəvi rahatlıq gətiridi. Fikirləşirdin, döyüşdü də, bu dəfə də qalib çıxıblar. Çox zarafatcıl idi. Gələn kimi özümə toy edəcəm deyidi… – anası bildirir.

Qardaşı Məhəmməd Xudayarın döyüşə getməsindən xəbərlərinin olmadığını deyir: – Bu barədə nə mənə, nə qardaşıma, nə də anama bir kəlmə söz deməmişdi. Yalnız dayım və bibimoğlu onun döyüşdə olduğunu bilirdi. Həmişə telefonda bizimlə danışarkən təlimdə olduğunu deyirdi. Deyirdi ki, “təlimdəyəm, zəng çatmayacaq, narahat olmayın”. Amma dayımgillə döyüş bölgəsindən danışırdı. Biz onun döyüşdüyünü yalnız şəhid xəbəri gələndə bildik.”
Xidmət yoldaşlarının dediyinə görə, Xudayargil Kəlbəcər istiqamətində, Murov yüksəkliklərində döyüşüblər. Daha sonra Füzuli, Cəbrayıl, Zəngilan istiqamətində olublar. Zəngilan və Qubadlı arasındakı Ağbənd kəndinin azad olunması uğrunda döyüşlərdə şəhid olub.

Döyüş yoldaşlarının yaddaşında həmin gün belə qalıb – axşam kəndi alıblar, səhər saat 7-də erməni diversiya qrupu yenidən hücum edib. Onlar çox yaxın məsafədən, 20-25 metrdən döyüşüblər. Hücumu dəf edərkən, Xudayar döyüş  meydanında şəhid olub. Lakin, son nəfəsində belə, onu yaralayan düşməni məhv edə bilib, özünün və əsgər yoldaşlarının qisasını alıb.

Xudayar  Bərdənin Şəhidlər xiyabanında II Qarabağ müharibəsində şəhid olanlarla birlikdə dəfn edilib. Ailəsi, dostları, elə camaat da onun məzarına tez-tez baş çəkir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə ərazi bütövlüyünün bərpa ediməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etmiş, düşmənin canlı qüvvəsinin və döyüş  texnikasının məhv edilməsində fədakarlıq və rəşadət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirmiş Azərbaycan Dövlət Silahlı Qüvvələrinin bir sıra hərbi qulluqçuları ilə birlikdə Xudayar Yusifzadə də ölümündən sonra ”Azərbaycan Bayrağı” ordeni və “Vətən uğrunda” medalı ilə, 25 dekabr 2020-ci il sərəncamı ilə isə, “Zəngilanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

2020-ci ildə heykəltəraş Jalə Əliyeva tərəfindən, 2021-ci ildə isə heykəltəraş Teymur Qəribov tərəfindən büstü hazırlanmışdır.

Ruhulla Zahidov, yazıçı-jurnalist.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.