Daşkənddə İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş poeziya axşamı təşkil edilib

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində (AMM) böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Canımı qıldım fəda…” adlı poeziya axşamı keçirilib.

Tədbir çərçivəsində Mədəniyyət Mərkəzi tərəfindən elan olunan “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.

Tədbirdə Özbəkistanın və Azərbaycanın tanınmış elm, ədəbiyyat, mədəniyyət xadimləri, nəsimişünas alimləri iştirak edib.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səadət Şıxıyeva İmadəddin Nəsiminin həyatı, yaradıcılığı, mühiti haqqında söhbət açıb. Alim və tərcüməçi Babaxan Şərif, dosent Adxambek Alimbekov, filologiya elmləri namizədi Kərimulla Məmmədzadə, gənc şair Fərid Hüseyn, Azərbaycanın İsmayıllı Regional Mədəniyyət İdarəsinin rəisi Elnur Hüseynov Nəsimini hürufi və sufi şairi, hədislərin gözəl bilicisi kimi təhlil ediblər.

Tədbir çərçivəsində mərkəzin foyesində “Nəsimi yaradıcılığı rəsmlərdə, fotolarda, əlyazmalarda” adlı sərgi nümayiş etdirilib.

Sonda “Menga sig‘ar ikki jahon (she’rlar)” adlı kitabın təqdimatı olub, “Məndə sığar iki cahan” adlı şeir müsabiqəsinin Özbəkistan və Azərbaycandan olan qaliblərinə AMM-nin fəxri diplomları və pul mükafatları verilib.

Nəsiminin “Məndə sığar iki cahan” adlı şeirinə Azərbaycan əsilli müğənni Sami Yusifin oxuduğu kompozisiya göstərildikdən sonra Özbəkistanın Əməkdar artisti, professor Fizruzə Abduraximovanın rəhbərliyi ilə “Soqdiana” xalq çalğı alətləri orkestri Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.