Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türk dili bölümü üzrə Azərbaycan dili fakültəsi yaradılır

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türk dili bölümü üzrə Azərbaycan dili fakültəsi yaradılır.

Bu barədə ötən il Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovla Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin rektoru Gülçеhrə Rixsiyeva arasında keçirilən görüş zamanı razılaşdırılıb.

Məsələlərin daha ətraflı müzakirəsi, habelə Universitetdə yaradılacaq Azərbaycan dili fakültəsi üçün müəllim və dərsliklər məsələsi, Azərbaycan tərəfinin bu işə dəstəyini müzakirə etmək məqsədi ilə Daşkənd Dövlət Şərqşünaslıq Universitetin Türkologiya fakültəsinin dekanı, dosent Cüməli Şabanov Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində direktor Samir Abbasovla görüşüb.

Görüşdə cari ilin fevral ayından sözügedən fakültənin fəaliyyətə başlaması, ilkin olaraq sınaq müddətinə  tədrisin həyata keçirilməsi razılaşdırılıb. Əsasən Türkologiya fakültəsinin bazası əsasında Azərbaycan dili fakültəsi təşkil olunacaqdır.

Cüməli Şabanov ilk öncə Daşkənd Dövlət Şərqşünaslıq Universitetində Türk dili bölümü üzrə Azərbaycan dili fakültəsi yaradılması işinə dəstək üçün Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinə xüsusi təşəkkürünü bildirib. 2023-ci ilin ilk yarısından Daşkənd Dövlət Şərqşünaslıq Universitetində fəaliyyətə  başlayacaq Azərbaycan dili fakültəsi növbəti tədris ilində daha da genişləndirilməsi, sözügedən fakültəyə ayrıca tələbə qəbulu, Azərbaycandan müəllimlərin dəvət olunması, habelə Azərbaycan dili ilə yanaşı, Azərbaycan ədəbiyyatı və tarixinin tədris olunacağını qeyd edib.

Samir Abbasov layihəyə görə Özbəkistan dövlətinə,  Daşkənd Dövlət Şərqşünaslıq Universitetinə öz təşəkkürünü bildirmiş, Özbəkistanda Azərbaycan dili fakültəsinin fəaliyyətə başlamasının iki ölkə arasında əlaqələrdə mühüm hadisə kimi dəyərləndirib.

O, sınaq müddəti ərzində tələbələrə Azərbaycan dili dərslərini Azərbaycan Mədəniyyət Mərkəzinin dil kursları üzrə təlimçisi Salama Fətəliyeva tərəfindən aparılacağını bildirib. O, sözügedən fakültənin nəşr, əyani vəsait, dərsliklərlə təminatı işinə Azərbaycan Mədəniyyət Mərkəzinin dəstək göstərəcəyini bildirib.

Samir Abbasov yaradılan Azərbaycan dili fakültəsinin gələcək fəaliyyəti, mühazirə və seminarlar üçün azərbaycanlı müəllimlərin, mütəxəssislərin gələcəkdə fakültəyə cəlb olunması, habelə ilkin olaraq müxtəlif alimlərimizin Azərbaycan dilinə dair Özbək tələbələr üçün onlayn dərslərin aparılması istiqamətində işlər aparılacağını və məsələnin  Azərbaycanın müvafiq ali məktəbləri ilə danışıqların aparılacağını qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.