Dəllal, qaniçən, yırtıcı, həyasız və qəddar pulqazananlar

Nə qədər yazsaq da bir nəticə olmayacaq-çünki, Azərbaycanda nəşriyyat sistemi hələ tam formalaşmayıb, formalaşmağa ümid də yoxdur, bu sahədə verilən qanunlar hələ tam qüvvəsi ilə işləmir və insanların çoxu kitablara ömrünü vermiş müəlliflərə qarşı etdiyi bu cinayətləri adi hal kimi qarşılayır. Demək, bu sahədə nəinki maarifləndirmə işləri aparılmalı, həm də qanunlar sərtləşdirməlidir.

Ölkənin bütün bölgələrində kitab dükanlarında yeni nəfəsli kitablar satılır. Amma çox az adam bilir ki, satışa qoyulan bu kitabların əksəriyyətinin müəllifləri  əsərlərinin onlardan icazəsiz satışa qoyulmasından heç xəbəri belə yoxdur. Xəbəri olanlar neyləsin?.. İstənilən dükana yaxınlaşıb haqqını tələb et, gör hansı həyasızlıqla rastlaşacaqsan. Hətta səni gör nələrdə, nələrdə ittiham edəcəklər- səni gözünün içinə baxa-baxa şərləyəcəklər, min cür böhtan atacaqlar, səni biznesmenə problem yaratmaqda suçlayacaqlar. Şikayət etməyin də bir xeyiri olmayacaq. Çünki… kitab satanın özünün də bu qanunlardan xəbəri yoxdur. Onların əksəriyyətinin kitab satışı, bu kitabların necə həyata vəsiqə qazanması, kimlərin haqqının pozulması, kimlərə nə kimi ziyan dəydiyi heç veclərinə də deyil. Kitablar onlar üçün sadəcə  pul gətirən kağız parçasıdır. Elə kitab sərgisi ilə bağlı fikirlərimizə də eyni ağılla hücumlar edilmişdi- Yazıçı bunların öz əməllərinin həyata keçirilməsinə problem yaradır! Gərək imkan verək bu mənəviyyatsız kütlə bildiyini etsin, başqalarına pis nümunə göstərsin, dillənəni qorxuzsun, təhqir etsin, aşağılasın. Görməyəcəksiniz! Bu enerjinizi insani qanunlara riayət etməyə verməniz lazım!

Hüquq-mühafizə orqanlarına şikayət etmək də olar, amma, onlardan da eyni cavab alacaqsan- Əşşi, yazıçı adamsan, fikir vermə!

Dəhşətli mənzərədir.

Jurnalistika gözəl və romantik bir peşədir. Xüsusi bir qabiliyyət, bacarıq, daha doğrusu, Allah vergisi tələb olunan bir sahədir. Bu keyfiyyətlərə malik insanların həyatını korlayan, həyatını cəhənnəm əzabına döndərən insanlar əslində hansı xislətə malik olmalıdır, bu nə üçün edilir, məqsəd nədir? Gəlin birlikdə araşdıraq. Əgər buna nail ola bilsək, bu peşənin nümayəndələrinə dərd-sər, bədbəxtçilik, ehtiyac, qəm gətirmiş insanların əsl sifətini göz qabağına gətirmək çətin olmayacaq.

Bu gün nəşriyyat sistemi acınacaqlı bir görkəmdədir. Savadlı kadrların yox dərəcəsində olduğu bir dövrdə kitabların  nəşri ilə bağlı işlərin hansı səviyyədə həyata keçirildiyini asanlıqla göz qabağına gətirmək olar. Bu işdə yalnız sırtıq, həyasız-abırsız, ömrü boyu bir roman-povest yazmayan insanlar çiçəklənə bilər. Çünki, başqalarının yazıb-yaratdıqlarından bəhrələnmək və bu işdən pul qazanmaq üçün yalnız bu keyfiyyətlərə (əslində keyfiyyətsizliyə) malik olmaq lazımdır. Bu gün yazıb-yaratmaq yox, yazıb-yaradanların alın təri ilə ərsəyə gətirdiyi məhsulları satışa buraxan dəllallar çiçəklənir. Varlanır, həyasızlaşır,qudurur, qudurduqca da onların qarşısını almaq istəyən insanları ayaqlayıb keçir. Demək dövlətin və insani qanunların bütün maddə və müddəaları pozulur. Bununla da yazarların haqqı və hüquqları ayaq altına atılır. Elə həyatı da… Alçaq və şərəfsiz qanunlardır, elə deyilmi? Bəs ömrünü şərəflə və ləyaqətlə yaşamaq istəyən insanlar necə yaşamalı, necə fəaliyyət göstərməlidir?!. Onların yalnız bir şansı var- onlar nəsə yazıb-yaratmalı, bu dəllal və qaniçən kitab oğruları isə cəzasız olaraq varlanmalıdır!

Bu gün ən məhşur şair və yazıçıların, tərcüməçilərin nəşr etdirdikləri kitablar pirat dəllallar tərəfindən icazəsiz nəşr olunub satışa buraxılır. Bunun özü serial bir cinayətdir. Özbaşınalıq, cəzasızlıq artıq bu sahədə xaosa çevrilib. Bütün mövcud qayda-qanunlar artıq ayaqlar altına atılıb. Bu vəziyyətlə barışmaq istəməyənlər isə daim şərlənmək, təhqir olunmaq qorxusu altında yaşayır. Beləcə yaradıcı insanların həyati fəaliyyəti gülünc və təhqiramiz bir ömürə çevrilir. Sözlərimə qüvvət vermək üçün bir sitata yer verək:

– “Pirat” diskin ziyanı nədədir?

Hər şeydən əvvəl piratlar film müəlliflərinin qatı düşmənləridir.Yaradıcı əməyin əsasında maddi stimullu çəkilmiş  filmə görə müəlliflərə – kinorejissora, ssenari  müəlliflərinə, bəstəkara haqqın ödənilməməsidir.

Qanunun tələblərinə görə satılan hər bir kasetdən, diskdən müəyyən faiz filmin müəlliflərinə çatmalıdır. Sadə dillə desək, pirat məhsulların tüğyan etdiyi halda müəlliflərin alacağı bu vəsait piratların cibinə axır. Əsl sahiblərin hüquqları amansızcasına pozulur. Ona görə də respublikamızda pirat məhsullarına yer olmamalı, onlara qarşı  müharibə elan edilməlidir. Pirat məhsullar oğurluq maldır, onun meydana çıxması nəticəsində rejissorun, ssenaristin, rəssamın, bəstəkarların… qazancı cibindən çıxarılır, onların halal haqqı kəsilir, növbəti filmə qədər neçə-neçə sənətkarın yaşayışı  sual altına düşür.

Pirat məhsulları alarkən biz istər-istəməz oğrular sırasına qoşuluruq. Nə qədər acı olsa da, bu, belədir!”

Bunun çap olunmuş kitablara da böyük aidiyyatı var. Yalnız bir neçə kəlməni dəyişdirməklə eyni mənzərəni oxuculara çatdırmaq olar. Belə halda bu sahəyə nəzarət sistemini həyata keçirməli olan insanlar biz yazarların bir sualına cavab versinlər:- Görəsən Bakı Dəmir Yolu vağzalının binasının ətrafında  fəaliyyət göstərən kitab dükanlarının sahibləri  Vergilər Nazirliyinin büdcəsinə (pirat kitabların satışına görə) nə qədər pul ödəyir? Onlar Azərbaycanın ən tanınmış yazarlarının əsərlərini, tərcümələrini gizli mətbəələrdə çap etdirir və elə özləri də satırlar. Bunların arasında elə bu yazının müəllifinin “Ac qalmanın möcüzəsi”, “Yüz min niyə?”, “Centlmen sövdələşməsi”, “Qisasın ölçüsü” adlı tərcümə etdiyi kitablar da var. Onu da bildirək ki, bu kitablar dövlər kitabxana sisteminin kataloquna düşmüşdür və onları istənilən kitabxanada alıb oxumaq olar.

Bu, tək bir vağzal ərazisində törədilən cinayət deyil, respublika səviyyəli cinayətkar şəbəkənin törətdiyi əməllərdir. Bu şəxslərin respublikanın bütün ərazisində şərikləri də vardır. Onlar dövlətimizin ərazisindəki bölgələrdən ən gözəl ədəbiyyat nümunələrini axtarıb  tapır, hansının daha çox satılıb, onlara daha çox qazanc gətirəcəyi müəyyən olunduqdan sonra, gizli mətbəələrdə çap edilib, satışa çıxarılır. Yazarlar isə bu yolla yaşamaq hüququndan məhrum olur, həyatı cəhənnəm əzabına çevrilir.

                                                                                           Ruhulla Zahidov, yazıçı-jurnalist, tərcüməçi.

One Comment on “Dəllal, qaniçən, yırtıcı, həyasız və qəddar pulqazananlar”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.