Cahana sığmayan mütəfəkkirin 650 illiyi

13 dekabr 2019-cu il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında dahi Azərbaycan şair-filosofu İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilmişdir.

“Nəsimi” filmindən bir fraqment göstərildikdən və Sami Yusufun “Nəsimi” kantatası səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Akademiyanın rektoru, professor Hüseyn Qaraşov iştirakçıları salamlamış və qeyd etmişdir ki, 2018-ci ilin 15 noyabrında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması barədə Sərəncamına uyğun olaraq bu il “Nəsimi ili” çərçivəsində respublikanın hər yerində müxtəlif tədbirlər keçirilir.

O bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev hələ ölkəmizə rəhbərliyinin birinci dönəmində elm və mədəniyyətə, ədəbiyyat və incəsənətə, xüsusilə də xalqımızın mənəvi sərvəti olan ana dilimizə böyük diqqət və qayğı ilə yanaşaraq bu istiqamətdə bir sıra məqsədyönlü tədbirlər həyata keçirmişdir. Həmin tədbirlər sırasında məhz ulu öndərin təşəbbüsü ilə 1973-cü ildə böyük söz ustası İmadəddin Nəsiminin 600 illik yubileyinin UNESCO-nun tədbirlər planına daxil edilməsi və ölkəmizdə böyük təntənə ilə qeyd olunması xüsusi yer tutur. Həmin yubiley tədbirlərinin davamı olaraq 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi, eləcə də böyük söz ustadının əsərləri həm doğma ana dilində, bəziləri isə bir sıra xarici dillərdə nəfis şəkildə nəşr olundu. Böyük şairin əsərləri ədəbiyyatşünaslıq, fəlsəfə və dilçilik yönlərindən araşdırıldı, bir sıra sanballı tədqiqat əsərləri ortaya qoyuldu.Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik ədəbi-bədii və fəlsəfi fik-rində dərin iz qoymuş mütəfəkkir-şair İmaddədin Nəsiminin zəngin irsi müasir dövrdə insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm rol oynayır.

Bəstəkar Tofiq Quliyevin “Nəsimi” simfoniyasının sədaları altında Bakı şəhəri 20 saylı orta məktəbin 8-ci sinif şagirdi Müsənnif Şabanov “Ağrımaz”, Akademiyanın tələbələri Sayat Xanbabayeva və Rübabə Əziyeva “Allahu-Əkbər ey sənəm, hüsnünə heyran olmuşam” qəzəllərini səsləndirdilər. AMEA Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, nəsimişünas alim, fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva dahi şairin həyat və yaradıcılığına işıq saldı, onun poeziyasındakı dərin məna və fəlsəfi mahiyyəti təhlil etdi. O bildirdi ki, Nəsiminin şeirlərində kamil insan olmağa qüvvətli çağırışlar ifadə edilmişdir. Nəsimi kamil insanı təkcə real dünyanın yox, geniş mənada kainatın ən uca varlığı kimi vəsf etmişdir. İnsanın qüdrətini tərənnüm edən Nəsiminin poeziyasında mübarizə ruhu vardır. O, üs¬yankar şeirləri ilə haqqa qovuşan kamil insan olmaq uğrunda inadla mübarizə aparmışdır. Şairin fikrincə, ilahi varlıq səviyyəsinə yüksələn, böyük mənəvi sərvət olan kamil insan ədalətli cəmiyyət yaratmağın da real əsasını təşkil edir. İmadəddin Nəsimi yaradıcılığında ilhamla vəsf olunan kamil insan obrazı orta əsr Azərbaycan şeirində bədii sözdən yoğrulmuş əzəmətli insan heykəlidir.

Akademiyanın tələbəsi, gənc ifaçı Nicat Cəfərli “Dönməyən xatirəm” nəğmə çələngi ilə iştirakçıların ruhunu oxşadı.

Akademiyanın HİH və sosial fənlər kafedrasının müdiri, fəlsəfə doktoru, dosent Zeynəddin Şabanov qüdrətli söz sahibi, sənət korifeyi, Azərbaycan hürufizm ədəbiyyatının yaradıcısı, Azərbaycan dilində yazıb-yaratmış və ədəbi dilimizin inkişafında misilsiz rol oynamış dahi şair-filosofun lirikasındakı dərin fəlsəfi və mistik mahiyyətlər haqqında danışaraq qeyd etdi ki, Nəsimi böyük ustalıqla söz estafetini ulu Nizamidən dahi Füzuliyə ötürə bilmişdir. O bildirdi ki, Nəsimi poezi¬ya¬sının mərkəzində şəxsiyyətin bütövlüyü və əzəmətini təbliğ, kamil insan olmaq çağırışı, fərdin mənəvi ucalığı, şəxsiyyətin daxili azadlığı, həyat fəlsəfəsi və mübarizə ruhu, ədalət, mənəviyyat məsələləri durur. Nəsiminin haqsızlığa, savadsızlığa, fanatizmə, əqidəsizliyə, zülmə, ədalətsizliyə qarşı mübarizə aparması qəzəllərindən müşahidə olunur. Natiq bədii dilin sadəliyi, aydınlığı və xəlqiliyi ilə Nəsiminin xələf və sələflərindən fərqləndiyini bildirdi.

Sonda respublikanın əməkdar artisti, tanınmış xanəndə Elnarə Abdullayeva Nəsimi qəzəllərinə bəstələnmiş mahnılarla tədbir iştirakçılarını feyziyab etdi. Tədbir Nəsiminin müxtəlif səpkili qəzəllərinin səsləndirilməsi ilə başa çatdı.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.