Cənab Baydenin “adına” jirinovskisayağı yanaşma…

jirinovski vladimiri ictimaiyyətə tanıtmağa ehtiyac yoxdur. Dünyada onu təlxək, siyasi buqələmun, qeyri-ciddi şəxs və şovinist kimi qəbul edirlər. Onun sərsəm və cəfəng açıqlamalarına çox rast gəlmişik, eyni zamanda Qafqazla və digər regionlarla bağlı ziddiyyətli, təxribatçı və imperailist düşüncəli açıqlamalarına şahid olmuşuq.
Milliyəti, soyu-kökü bilinməyən bu qoca xəriflədikcə daha da ağlını itirir, ağzına gələnləri danışır. jirinovski bu dəfə “Komsomolskaya Pravda” radiosunda Azərbaycanın dövlətçiliyi və rəhbərliyinin ünvanına səsləndirdiyi qərəzli və qeyri-etik fikirlərlə əndazəni aşaraq öz tərbiyəsizliyini, küçə əxlaqını nümayiş etdirib. Onun Azərbaycanın qədim tarixi, ərazi bütövlüyü, dövlətimizin başçısı barədə fikirləri saxtakarlıq, siyasi əxlaqsızlıq və separatizmə təhrikdir.
İctimai auditoriya qarşısnda ictimai tərbiyəsizlik edən müstəmləkəçi-feodal təfəkkürü ilə düşünən bu sarsaq iddia edir ki, Azərbaycan 200 il Rusiyanın təsiri altında olub. Bu yaramaz və siyasi kloun başa düşmür ki, Rusiya imperiyası 1828-ci ildə Azərbaycanın əzəli torpaqlarını zorla parçalayaraq 2 yerə bölüb, böyük bir hissəsində müstəmləkəçilik edib. Ötən əsrin əvvəllərində isə Şərqdə ilk demokratik respublikanı Azərbaycan Xalq Cümhuriyyəti qurub, ancaq XI qızıl ordu müstəqil bir dövləti işğal edib 70 il öz əsarətində saxlayıb. Bunu görməmək kor olmaq, əlahəzrət tarixi həyasızcasına saxtalaşdırmaqdır. jirinovski kimi abıqsızlar, həyasızlar bunları anlamaz.
Bu sərsəm hələ də 100 il əvvəlin düşüncəsi ilə yaşayır və elə bilir ki, indiki dövrdə hakimiyyətə top-tüfənglə, kiminsə istəyi ilə gəlmək mümkündür. Sən kimsən ki, Baydenın adından danışır, özündən uydurma fikirlər icad edirsın, “Bayden Azərbaycan iqtidarını 2 həftəyə devirib, başqasını hakimiyyətə gətirə bilər” kimi cəfəng sözlər söyləyirsən? Sən Cənab Baydenin tulasımı olmaq istəyirsən?
Bunun xəstə ağlı qavramır ki, Azərbaycanda Prezident Amerika və yaxud başqa ölkələrin təyinatı ilə həll edilmir, Azərbaycanda Prezidentini Xalq seçir. 28 ildir Xalqımız Heydər Əliyev siyasətinin alternativi olmadığını öz etimadı ilə hər dəfə təsdiqləyib. Həm Rusiya, həm də Amerika və digər ölkələr də yaxşı başa düşür ki, Azərbaycanda Heydər Əliyev siyasətinə alternativ yoxdur. Və Azərbaycan və Amerika arasındakı strateji uzunömürlü dostluq münasibətləri də bu siyasi xəttə uyğun olaraq dayanmadan ilbəil inkişaf edir.
jirinovski və onun kimi bir neçə sarsaq və araqatan, qızışdırıcı siyasi oyunbazların Azərbaycan və Rusiya arasında möhkəm və isti münasibətləri pozmaq, mövcud münasibətlərə zərər gətirmək niyyətləri hər zaman havaya uçub və bu cür təxribatlar həmişə puç olub. Çünki Rusiya-Azərbaycan münasibətlərinə kölgə salmaq Jirinovski kimilərinin bacardığı iş deyil. Rusiya və Azərbaycan dost ölkələrdir, dövlətlər arasında bərabərhüquqlu, ikitərəfli əlaqələr mövcuddur və günü-gündən inkişaf edir, İlham Əliyev və Vladimir Putinin dərin siyasi iradəsi sayəsində əlaqələr hazırda ən hərarətli bir nöqtəyə gəlib.
Yeri gəlmişkən, Azərbaycanın məlum hadisə ilə bağlı Rusiyaya nota verməsindən sonra jirinovski Prezident İlham Əliyevi müdrik insan adlandırıb və elədiyi böyük qələti yumağa çalışmaqdadır. Bu, onun həqiqətən də, min sifət, riyakar və siyasi soysuz olmasının daha bir nümunəsidir.
Vaqif Abdullayev
Siyasi elmlər doktoru, professor.
 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.