Bu ölkələrdəki məktəblərdə şagirdlər qeyri-adi üsullarla qiymətləndirilir – Bir şeirə “5”

Orta məktəblərdə summativ qiymətləndirmələrə sonuncu dəyişiklərdən sonra onların sayının azalması çoxlarına məlumdur. İbtidai təhsil səviyyəsində summativ qiymətləndirmələrin sayı təxminən, 100, ümumi orta təhsil səviyyəsində isə hər sinif üzrə təxminən 25 vahid azaldılıb.

X-XI siniflərdə 22 summativ qiymətləndirmə ləğv edilib. Ümumilikdə tam orta təhsil səviyyəsi üzrə summativ qiymətləndirmələrin sayı 347 vahid azaldılıb.I siniflərdə isə ümumiyyətlə, summativ qiymətləndirmə ləğv olunub.

Dəyişiklər elektron  media, sosial şəbəkələrdə  mübahisəyə də yol açıb. Bəziləri bunu dünya ölkələrindəki kimi “imtahansız məktəb”ə keçid olaraq qiymətləndirib, razı qalsalarda, digərləri bu imtahanların şagirdlərin biliklərini daha da möhkəmləndirməyə xidmət etdiyini düşünür. Bəziləri isə hələ də summativ qiymətləndirmə qaydalarında müəyyən natamamlıqlar olduğunu əsas gətirirlər.

Bəs dünya ölkələrinin orta təhsil sistemində bu barədə vəziyyət necədir? Həqiqətənmi, bir çox ölkələrdə təhsil imtahansızdır? Bu formatda təhsil nə dərəcədə real qiymətləndirməyə şərait yaradır?

AzEdu.az dünya ölkələrindəki məktəbdaxili qiymətləndirmə qaydalarını təqdim edir:

2 il əvvələ qədər Amerika məktəblərində imtahan şagirdin gündəlik həyatının ayrılmaz parçası hesab edilirdi. Sonradan Floridadanın MarionCounty bölgəsindəki dövlət məktəblərində oxuyan 20 000 şagird üçün imtahanlar ləğv edildi. Bu yeni ideyanın müəllifi isə bölgənin əsas maarifçilərindən olan Heidi Maier  idi. O, bu qərara imtahanın azyaşlı şagirdlərin intellektual bacarıqlarını inkişaf etdirməməsi ilə bağlı araşdırmaları oxuduqdan sonra gəlib. Onun sözlərinə görə, imtahan məsuliyyəti olmayan, məktəblə bağlı heç bir zehni fəaliyyətin olmadığı vaxtlar şagird üçün daha faydalıdır.

İmtahansız məktəb Amerikada əsas dəyişiklik kimi qəbul edilir. Çünki burada imtahan nəticələrinə aşırı önəm verilir, şagird test işləməyə mümkün qədər erkən başlamalı olurdu. Bu, müəllim-valideynlərin şagird üzərində basqısının da nəticəsi hesab edilə bilər. Şagird bütün gücü ilə imtahandan keçməyə çalışırdı.

Halbuki beynəlxalq qiymətləndirmədə davamlı olaraq, ilk sıralarda yer alan Finlandiyada imtahan qiymətləndirmə üçün o qədər də əhəmiyyətli vasitə sayılmır. Standart test tapşırıqları isə ümumiyyətlə, qiymətləndirmə prosedurunda istifadə edilmir.

Amerikada ləğv olunan imtahanların əvəzinə başqa metodların tətbiqi  barədə də düşünülüb. Bunun əvəzində, şagird 20 dəqiqə müddətində özünün seçdiyi bir kitabı oxumalıdır. Mütəxəssislərin fikrincə, kitab oxumaq şagirdin imtahanda fikrini daha dolğun əsaslandırmasına səbəb olur. Test tapşırıqları isə onlara təkrara biliklərdən başqa heç nə vermir. Oxuduğu kitab isə şagirdin öz seçimi və daha çox şəxsi inkişafla bağlı olduqda daha yaxşı nəticələr verə bilir.

Bu ölkədə özünə inamı olmayan şagird qiymət ala bilmir

Dünyanın inkişaf etmiş ölkələrindən olan Almaniyada isə təhsil yalnız imtahanların yoxluğuna görə deyil, həm də gündəlik tədrisin sadəliyinə görə fərqlənir. Burada əzbərləmə qabiliyyətinin inkişafı üçün çalışmırlar. 4 il ibtidai təhsil alan uşaq cəmi dörd şeir əzbərləyir. Şeirin seçimi isə şagirdin ixtiyarına buraxılır. Qiymət almaq üçün şagirdin şeiri əzbərdən deməsi kifayət deyil. O, öncə niyə məhz bu şeiri seçdiyini əsaslandırmalıdır. Əsas qiymət isə şeiri çaşmadan deməyə deyil, onu deyən zaman özünə inamlı olmağa verilir. Ümumiyyətlə, Almaniyada özünə inamı olmayan şagirdin  əla qiymət alması  mümkünsüzdür.

Şagirdlər bir-birini qiymətləndirir- dinləmək, dəyərləndirmək, ədalətli olmaq bacarıqları

II sinifdən başlayaraq şagirdlər ildə bir kitabın təqdimatını edirlər. Kitab seçimində sərbəstdirlər. Şagird oxuduğu istənilən kitabı götürüb 15 dəqiqəlik çıxış hazırlayır. Çıxışı isə çox vaxt sinifdəki uşaqlar qiymətləndirir. Bu metod da qiymətləndirmə növüdür. Amma şagirdlərə çox şey öyrədir. Dinləmək, dəyərləndirmək, ədalətli olmaq və s.

Ən yüksək qiymət -“1”

Səudiyyə Ərəbistanı təhsil baxımından çox da inkişaf etmiş ölkə sayılmasa da, orta məktəblərdəki qiymətləndirmə sistemi ilə fərqlənir. Buranın orta məktəblərində qiymətləndirmə 1 və  4  bal arasında aparılır. “5” qiyməti yoxdur. Dərslərini yaxşı oxuyan şagird “1”, zəif isə  “4” bal alır. Ən yüksək qiymət  “1”-dir.

Hərflərlə qiymətləndirmə

Dünyanın bir çox ölkələrində isə qiymətləndirmə rəqəmlərlə deyil , hərflərlə aparılır.

Hərflərlərqiymətləndirilərkən “A”, “B”, “C”, “D” hərfləri ardıcıllıqla gəlir. “E” və “F” qeyri-kafi kimi dəyərləndirilir. Honkonq, İndoneziya, Afqanıstan, Cənubi Koreya, Braziliyanın bir çox məktəblərində bu üsul tətbiq edilir.

100 ballıq qiymətləndirmə

5 ballıq sistem dünyada yeganə qiymətləndirmə deyil. 6-100 ballıq qiymətləndirmə sistemləri də mövcuddur.

Latviya, Moldova, Albaniya, İslandiyada, Ruminiya, Lixtenşteyn, İsrail, Vyetnamda 10 ballıq qiymətləndirmə sistemləri mövcuddur.

Lamiyə Süleymanlı

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.