Bu gün Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun anım günüdür. Məzahir Rüstəmov Gədəbəy rayonunun Şınıx bolgəsinə düşmənin hücumunu dəf edərkən 6 avqust 1992-ci ildə ŞƏHİD olub.
Rüstəmov Məzahir İzzət oğlu 2 mart 1960-cı ildə Bakı şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. 1986-cı ildən Azərbaycan Memarlııq və İnşaat Mühəndisləri İnstitutunun fəlsəfə kafedrasında işləməyə başlayır. “İnsan psixologiyasının bütövlüyü” adlı dissertasiya üzərində çalışırdı. 1990-cı ildən Respublikamızın hər yerində olduğu kimi Gədəbəyin Şınıx bölgəsində də ağır vəziyyət yaranmışdı. Erməni qoşunları sərhəd kəndlərimizi atəşə tutur, daim təhlükə altında saxlayırdılar. Daima Vətən, torpaq, qeyrət, namus hissləri ilə yaşayan cəsur Məzahir 1992-ci il 23 mart tarixində könüllü olaraq Milli Orduya yazılır. Məzahir Şınıx cəbhəsinə gəlir və ata yurdu Düz Rəsullu kəndində yerləşən bölüyün Mutudərə postuna taqım komandiri vəzifəsinə təyin edilir. Mutudərə olduqca mühüm strateji yer olduğundan Məzahir bilirdi ki, ermənilər Gədəbəyin Şınıxda yerləşən 28 kəndini işğal etmək üçün məhz ilk olaraq Mutudərəyə hücum edəcəklər. 1992-ci ilin yayında ermənilər Gədəbəylə Şınıx bolgəsinin əlaqəsini tam kəsmiş, quldur yuvası Başkəndə (Artsvaşen) coxlu hərbi qüvvə yerləşdirmişdilər. Ermənilər Şınıx zonasının, eləcə də Gədəbəy rayonunun digər torpaqlarını ələ keçirmək üçün Başkənddə təlim görmüş xüsusi bir alay saxlayırdılar. Bu alay müasir texnika ilə tam təchiz olunmuşdu. Alayın əsas vəzifəsi Şınıx kəndlərini işğal etmək, Gədəbəy-Şəmkir istiqamətində hərəkət edib Yasamal adlanan strateji mövqeni ələ keçirmək idi.Buna görə də Məzahir bütün bilik və bacarığından istifadə edərək təkcə döyüşçü kimi deyil, həm kəşfiyyatçı, həm də hərb müəllimi kimi fəaliyyət göstərir və Mutudərədən bir anda olsa ayrılımırdı. Məzahir cəsur komandir olaraq kəndin müdafiəni layiqincə yerinə yetirirdi. Ermənistan hərbi birləşmələri avqustun 5-də Mutudərəni ələ keçirmək üçün xaincəsinə hücuma keçdilər. Ermənilər bu istiqamətdə minə yaxın canlı qüvvə, 4 tank, 14 zirehli maşın və digər texnika yeritmişdilər. İlk zərbəni baş leytenant Məzahir Rüstəmovun dəstəsi öz üzərinə götürdü. Məzahir öz cəsur döyüşçüləri ilə kəndin müdafiəsinə qalxır. Onlar dinc əhalinin kənddən çıxmasına şərait yaradırlar. Məzahir son nəfəsinə qədər döyüşür, ümid etdiyi əlavə kömək isə gəlib çatmır. Bu döyüşdə Məzahir Rüstəmov qəhrəmancasına şəhid olur. Son nəfəsinəcən vuruşan komandir Məzahir Rüstəmov Mutudərədə böyük faciənin qarşısını ala bilir.
Göstərdiyi qəhrəmanlığa və igidliyə görə Rüstəmov Məzahir İzzət oğlu ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.
Məzahir Rüstəmov Azərbaycanın ərazi bütovlüyü uğrunda gedən döyüşlərdə Vətən yolunda qəhrəmanlıqla şəhid olduğu üçün onun adı xalqımızın qan yaddaşında əbədi yaşayacaqdır.
Xatirəsi əbədiləşdirələk Bakı şəhərində oxuduğu 32 saylı məktəb və Əhmədli qəsəbəsindəki küçələrdən biri qəhrəmanımızın adını daşıyır.
Gədəbəy rayonunda tuncdan heykəli ucaldılıb və Gədəbəy rayonunun Şınıx bolgəsində çox saylı alim və ziyalıların yetişdiyi Düz Rəsullu kənd tam orta məktəbi də Məzahir Rüstəmovun adına verilmişdir.
Qəhrəmanın haqqında “Anama deyin ki”, “Əfsanəyə dönmüş ömür”, “Ərdağına gedən yol” kitabları və bir çox yerli qəzetlər və jurnallarda, eyni zamanda Türkiyənin “Hüriyyət” və “Zaman” qəzetlərində geniş məqalələr çap edilmişdir.
2013-cü ildə onunla yanaşı Gədəbəy rayonundan olan digər Milli Qəhrəmanlarla birlikdə həyat və döyüş yollarından bəhs edən “Alınmaz qalanın qəhrəmanları” sənədli-bədii filmi çəkilmişdir.
Ailəli idi, Təhminə adında qızı var.
Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Allah rəhmət etsin, ruhu şad olsun!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.