“Bu addımı mütləq atmalıyıq” – Əflatun Amaşov jurnalistlərin attestasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycan Prezidentinin imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərmana əsasən Tədbirlər Planını hazırlamaq üçün yaradılan İşçi qrupu “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı”nı hazırlayaraq Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinə təqdim edib. Tədbirlər Planında “Radio, televiziya, qəzet, jurnal redaksiyalarında, internet saytlarında çalışan yaradıcı əməkdaşların ədəbi dil bilikləri üzrə vaxtaşırı attestasiyalarının keçirilməsi” barədə bənd də yer alıb.

Layihədə əksini tapan təkliflə bağlı Azərbaycan Mətbuat Şurasının sədri, Dövlət Dil Komissiyasının üzvü Əflatun Amaşov BakuPost-a açıqlamasında deyib ki, Mətbuat Şurası 2013-cü ildən mediada monitorinq aparır.

Ə. Amaşovun sözlərinə görə, monitorinqdə əsas məqsəd Azərbaycan ədəbi dil normalarının nə dərəcədə qorunmasını müəyyənləşdirmək və bu sahədə hansı meyllərin yarandığını üzə çıxarmaqdır. Qarışaya çıxan problemlər də qruplaşdırılır: “Bu sahədəki problemlərlə bağlı ayrı-ayrı tədbirlərdə jurnalistləri, ictimaiyyəti məlumatlandırırıq. Pozuntular sırasında ilk növbədə leksik pozuntuları qeyd etmək lazımdır. Söhbət dilimizə gələn alınma sözlərin nə dərəcədə yerində işlənməsi, dialekt və şivə sözlərin ədəbi dilə gətirilməsi, yeni terminlərin, yeni sözlərin yaranmasının uğurlu, yaxud uğursuz olmasından gedir.

Qrammatik pozuntulara gəlincə, bu pozuntular daha geniş və daha əhatəlidir. Morfoloji qaydalara əməl olunmaması ilə bağlı pozuntular qrammatik pozuntular arasında kifayət qədər böyük yer tutur. Məsələn, felin nəqli keçmiş zamanı ilə bağlı “mış” şəkilçisi bəzi hallarda öz mahiyyətini dəyişir, “dı” şəkilçisi ilə əvəz olunur. Feli sifətlərdə zaman anlayışı ciddi məsələdir, bu prinsiplərə əməl olunmur. Feli bağlamalarda da bu sayaq səhvlər olur. Sintaksis qaydalara əməl olunması ilə bağlı pozuntular da diqqəti cəlb edir, cümlələrdə söz sırasının pozulması müşahidə olunur. Azərbaycan dilində cümlənin əvvəlində mübtəda gəlməli, cümlə xəbərlə bitməlidir. Amma bəzi məqamlarda bu prinsip pozulur. Bəzi hallarda cümlə və söz birləşmələri arasında sintaksis əlaqələrə əməl edilmir, durğu işarələri düzgün işlədilmir. Tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlələr arasında tələb olunan əlaqələr yaranmır. Bunlar kifayət qədər ciddi məsələlərdir və dilin quruluşu ilə bağlıdır. Biz sonuncu pozuntuları üslubi pozuntular adlandırırıq”.

Mətbuat Şurasının sədri orfoqrafiya lüğətinin tələblərinə əməl edilməyərək, sözlərin müxtəlif cür yazılmasına da diqqət çəkib: “Bu həm də orfoqrafiya lüğətlərinin az olması ilə bağıldır. Məsələn, danışıq dilinin xüsusiyyətləri və normaları bəzi məqamlarda yersiz olaraq yazılı nitqə gətirilir. Bu da özünü doğrultmur. Bəzən jurnalistin Azərbaycan dilini bilmədiyini də görürük. Azərbaycanlı olsa da, Azərbaycan dilinin xüsusiyyətlərini bilmir. Hiss olunur ki, yazını Azərbaycan dilinin qrammatik qaydalarını bilmədən yazıb. Biz bu sayaq məsələləri ümumiləşdirir, diqqətə çatdırırıq”.

Ə. Amaşov Azərbaycan Milli Elmlər Akademiyası və Mətbuat Şurasının “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı Tədbirlər Planı” çərçivəsində birgə layihə hazırladığını nəzərə çatdırıb: “Layihə qəbul ediləndən sonra bu sahədə nəzarət funksiyası AMEA və Mətbuat Şurasının üzərinə düşəcək. Layihədə bu sahədə səlahiyyətlərin məhz bu iki quruma həvalə olunması nəzərdə tutulur. Redaksiyalarda, informasiya portallarında redaktə və korrektə işinin təkmilləşdirilməsi, bu sahədə problemlərin aradan qaldırılması üçün vaxtaşırı attestasiyaların keçirilməsi təklif olunur. Yəni redaktə və korrektə ilə məşğul olan insanların üslubi səhvlər buraxmamasına nail olmaq istəyirik. Layihə qəbul ediləndən sonra AMEA və Mətbuat Şurasının birgə hansı işləri görəcəyi ilə bağlı addımlar atılacaq. Yəqin ki, yenə də müəyyən problemlər qalacaq. Layihədə qəzetlərdə və ayrı-ayrı informasiya portollarında korrektor ştatının yaradılması təklifi də əksini tapıb. Media orqanlarımızın durumu fonunda qəzetlərdə və ayrı-ayrı informasiya portollarında korrektor ştatının yaradılmasına, redaktənin keyfiyyətinin artırılmasına nail ola biləcəyikmi? Bunu zaman göstərəcək. Doğurdan da Azərbaycan mediasının dilinin kifayət qədər keyfiyyətli olmasını, ədəbi dilin qaydalarının gözlənilməsini istəyiriksə, bu addımı mütləq atmalıyıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.