“Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirildi

Aprelin 18-də M.F.Axundzadə adına Milli Kitabxanada şəhid İlkin Seyidovun həyat və döyüş yolundan bəhs edən “Bir xatirə kitabına bənzər ömrüm” kitabının təqdimatı keçirildi. Kitab Mədəniyyət Nazirliyi və “Bakı xəbər” qəzetinin birgə layihəsi əsasında “Respublika Xatirə Kitabı” redaksiyası tərəfindən nəşr olunub.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açılış sözündə bildirdi ki, yeni nəşr Sədərək rayonunun ilk şəhidi – xüsusi təyinatlı polis əməkdaşı İlkin Seyidovun həyat yoluna işıq tutur. Kitab torpaqlarımızın işğal altında olduğu bir zamanda vətənpərvərlik tərbiyəsinin təbliğində böyük əhəmiyyət daşıyır. Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev vətən yolunda şəhid olan belə bir kitabın ərsəyə gəlməsində əməyi olan təşkilatlara təşəkkürünü bildirdi: Mədəniyyət Nazirliyinin nəzdində fəaliyyət göstərən “Respublika Xatirə Kitabı” redaksiyası Azərbaycan uğrunda həlak olan insanların xatirəsini əbədiləşdirmək üçün çoxsaylı kitablar ərsəyə gətirib. Bu silsilədən indiyə kimi 17 kitab nəşr olunub. Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə işıq üzü görən kitab “Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən ikinci nəşrdir”.

Nazirin birinci müavini qeyd etdi ki, “Respublika Xatirə Kitabı” redaksiyası hazırladığı nəşrlərdə Qarabağ döyüşlərində həlak olan insanlarla yanaşı, II Dünya müharibəsi, Əfqanıstan müharibəsi və 20 Yanvar faciəsi zamanı şəhid olan vətən övladlarının taleyinə güzgü tutur: “Təbii ki, belə məlumatları toplamaq böyük zəhmət tələb edir. Lakin bu işlərdə dövlətimiz öz köməyini göstərir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə 1997-ci ildən başlayaraq bu redaksiya daha fəal, daha əhatəli işlər görüb. Bu gün təqdim olunan kitab da vacib əhəmiyyət kəsb edir. Çünki 90-cı illərdən sonra dünyaya gələn uşaqlar Azərbaycanı işıqlı, güclü, inkişaf etmiş görüblər. Bu insanlar bilməlidir ki, bu işıqlı və gözəl günə hansı mübarizə və yollardan keçib gəlmişik. Məhz bu kitablar, 23 yaşlı şəhid İlkinin həyatından bəhs edən bu nəşr gənc nəslə tarixi həqiqətlər haqqında məlumat verəcək. Kitabda şəhidin ailəsi, doğulduğu kənd, döyüş yolu haqqında məlumatlar yer alıb. Şəhidlərimiz haqqında kitab yazmaq, onlara abidə ucaltmaq böyük əhəmiyyət kəsb edir.  Biz bu gün sakit və firavan yaşayırıqsa, şəhidlərimizə borcluyuq”.

Vaqif Əliyev Mədəniyyət Nazirliyi adından kitabın ərsəyə gəlməsində zəhməti olanlara təşəkkürünü bildirdi.

Təqdimatda çıxış edən tarix elmləri doktoru Solmaz Tohidi, millət vəkili Aydın Mirzəzadə, Prezident Administrasiyasının əməkdaşı Rasim Mirzəyev, Daxili İşlər Nazirliyinin əməkdaşı, polkovnik Əflatun Həsənov, Əməkdar incəsənət xadimi Abdulla Qurbani, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Mətbuat Şurasının üzvü Azər Həsrət, yazıçı Şəmistan Nəzirli və başqaları nəşrin əhəmiyyətini yüksək qiymətləndirdilər. Qeyd olundu ki, bu seriyadan nəşrlər hər bir məktəblinin stolüstü kitabına çevrilməlidir. Çünki bu nəşrlər çağdaş dövrümüzün müharibə salnaməsini özündə əks etdirməklə yanaşı, vətənpərvərlik tərbiyəsinin təbliğində də xüsusi rol oynayır.

Vurğulandı ki, bu gün dövlətimiz şəhid ailələri və Qarabağ müharibəsi iştirakçılarına diqqət və qayğı göstərir, onların sosial müdafiəsinin, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində işlər görür.

Çıxışlarda şəhid İlkin Seyidovun döyüş yolundan söz açıldı, onunla bağlı xatirələr dilə gətirildi.

Təqdimatın sonunda “Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və şəhidin adını daşıyan qardaşı oğlu İlkin Seyidzadə təqdimata qatılan və kitabın ərsəyə gəlməsində zəhməti olan hər kəsə təşəkkürlərini ifadə etdilər.

Qeyd edək ki, kitabın müəllifi publisist Fəridə Rəhimli, redaktoru Zülfüqar Şahsevənli, rəyçisi “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.