Azərbaycanın İrandakı səfirliyinə hücuma reaksiyalar

Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində mühafizə xidmətinin rəisi həlak olub, iki təhlükəsizlik əməkdaşı yaralanıb. Bir çox ölkənin diplomatik missiyası bu silahlı hücumu pisləyib. BBC News Tehranda baş verən hadisələrə reaksiyaları izləyib.

Tehranda baş verən hücumu “qətiyyətlə pisləyən” Türkiyə Prezidenti Bakıya öz dəstəyini bildirib.

“Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralananlara şəfa diləyirəm. Türkiyə əziz dostu və qardaşı Azərbaycanın yanındadır”, – Recep Tayyip Erdoğan Twitter hesabında yazıb.

Bundan əvvəl hücumla bağlı Türkiyə Xarici İşlər Nazirliyi açıqlama yayıb.

“Bu səhər Azərbaycanın Tehran səfirliyinə silahlı hücumu pisləyirik. Bu hücumda həyatını itirən səfirliyin əməkdaşlarına Allahdan rəhmət, yaralananlara isə şəfa diləyirik. Keçmişdə də analoji hücumlara məruz qalan Türkiyə Azərbaycan xalqının ağrısını dərindən bölüşür”, – Türkiyə XİN-in saytındakı bəyanatda deyilir.

Sənəddə deyilir ki, hücumun təkrarlanmaması üçün bütün lazımi tədbirlərin görülməsi “böyük əhəmiyyət” kəsb edir.

Britaniyanın Azərbaycandakı səfiri İranda baş verən hadisənin “sarsıdıcı” olduğunu bildirir.

“Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı.

Qətlə yetirilən şəxsin ailəsinə baş sağlığı verir, yaralılara şəfa diləyirəm”, – Fergus Auld Twitter-də yazıb.

Avropa Şurasının Baş katibi Tehranda baş verən hücumla bağlı Azərbaycanla həmrəy olduğunu bildirib.

“Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir”, – Mariya Peyçinoviç Buriç-ın bəyanatında deyilir.

Mariya Peyçinoviç Buriç
 
İsrail Xarici işlər Nazirliyinin sözçüsü Lior Haiat sosial media hesabında Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş “dəhşətli hücumda” təhlükəsizlik rəisinin qətlə yetirilməsinin sarsıdıcı xəbər olduğunu yazıb.

“Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, – Lior Haiat Twitter hesabında yazıb.

Mariya Zaxarova
Cümə günü Moskva Azərbaycanın Tehrandakı səfirliyinə hücumu pisləyib. Bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi öz Telegram kanalında yazıb.

“Azərbaycanlı həmkarlarımıza başsağlığı və dəstəyimizi bildiririk!” – Mariya Zaxarova yazıb. O, daha sonra nazirliyin bu məsələ ilə bağlı ətraflı şərh verəcəyini əlavə edib.

Rəsmi Tbilisi diplomatik nümayəndəliyə qarşı hər hansı “zorakılıq hərəkətinin tamamilə qəbuledilməz” olduğunu bildirib.

“Azərbaycanın İrandakı səfirliyinə hücumu qətiyyətlə pisləyirik”, – Gürcüstan XİN-i bildirib.

“Azərbaycanın Tehrandakı səfirliyinə bu gün bir nəfərin ölümü və bir neçə təhlükəsizlik əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyirik”, – Ukrayna Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Oleq Nikolenko bildirib.

O, “qurbanların yaxınlarına” başsağlığını bildirib.

“27 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinə diplomatik missiya üzvünün ölümü və daha iki işçinin yaralanması ilə nəticələnən silahlı hücumu qətiyyətlə pisləyirik, – Belarus Xarici İşlər Nazirliyi bəyan edib.

“Biz əminik ki, diplomatik nümayəndəliklərin və konsulluq idarələrinin əməkdaşlarına qarşı yönəlmiş bu cür hərəkətlərə haqq qazandırmaq olmaz”, açıqlamada deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.