Azərbaycan uğrunda həlak olan sonuncu Sovet İttifaqı Qəhrəmanı Oleq Babak

Aprelin 7-də bu qəhrəmanın Azərbaycan torpaqları uğrunda həlak olduğun gündən 29 il ötdü. Gündəmi zəbt edən xəbərlər içində ona həsr olunan bir yazı və ya videoçarxa rast gəlmədik. “Heç kim unudulmur, heç nə yaddan çıxmır” deməyi və yazmağı xoşlayan yazarlar nədənsə başqa millətin nümayəndəsi olan, bununla belə xalqımız uğrunda şirin canından keçən bu igid zabiti quru sözlərlə də olsa, xatırlamadı. Onun haqqında yalnız rus mətbuatında video görüntülər yayıldı. Döyüş yoldaşları hər il olduğu kimi bu il də onun valideynləri ilə məzarı üstə görüş keçirtdilər və bu qəhrəmanı xoş sözlərlə xatırladılar.  Məzarının yerləşdiyi Ukraynada Poltava vilayətini Radada təmsil edən azərbaycanlı deputat, qonşu rayonların birinin başçısı olan məşhur azərbaycanlı, Ukraynada ən güclü diasporalardan biri sayılan Poltavalı azərbaycanlılar yenə də istisna oldu. Ümumiyyətlə, azərbaycanlılar tərəfindən heç bir reaksiya!…

Bəs bu qəhrəman haqqında nə bilirik? 

 Oleq Yakovleviç Babak (1967 – 1991) SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini olmuş, ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adına layiq görülmüşdür.

Oleq Babak 25 fevral 1967-ci ildə Ukraynanın Poltava vilayətinin Viktoriya kəndində fəhlə ailəsində doğulub. O, orta təhsilini 1974-cü ildən 1982-ci ilə kimi Viktoriya kəndinin kənd məktəbində sonra isə qonşu Teplovsk kəndində alıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyinin Ali siyasi kollecinə daxil olub. 1989-cu ildə kolleci bitirdikdən sonra SSRİ-nin Daxili İşlər Nazirliyinin Daxili qoşunlarının xüsusi təyinatli 21-ci briqadasında siyasi hissə üzrə 11-ci bölüyün komandir müavini vəzifəsində xidmət edib.

Xüsusi təyinatlı 21-ci briqadanın siyasi hazırlıq üzrə bölük komandirinin müavini olan Oleq Babak 1991-ci ilin mart ayından Azərbaycanın Qubadlı rayonunda ictimai asayişin qorunması tapşırıqlarını yerinə yetirib. 7 aprel 1991-ci il tarixində Qubadlının Yuxarı Cibikli kəndində yerli sakinlərin ermənilər tərəfindən öldürülməsi xəbəri yayılandan sonra 24 yaşlı Oleq Babak SSSR  Daxili İşlər Nazirliyinin 21-ci briqadasının tərkibində hadisə yerinə göndərilir. Burda yerli kənd camaatı ilə birgə təxminən 70 nəfər erməni silahlısının mühasirəsinə düşür.

Ermənilərin yerli sakinləri təhvil verib geri çəkilmək tələbinə məhəl qoymayan 24 yaşlı ukraynalı leytenant heç bir nəfər də azərbaycanlının əsir düşməsinə imkan verməyərək son gülləsinə qədər vuruşaraq qəhrəmancasına həlak olub. Onun bu şücaəti nəticəsində yüzlərlə azərbaycanlının həyatı xilas olub.

P.S.  Bu yaxınlarda Moskva ətrafında Aşukino kəndində bir küçəyə Sovet İttifaqı qəhrəmanı Oleq Babakın adı verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.