ABŞ-ın Oklahoma ştatında 9 noyabr Azərbaycanın Dövlət Bayrağı Günü kimi elan olunub

ABŞ-ın Oklahoma ştatının paytaxtı Oklahoma-Siti şəhərində Azərbaycanın Dövlət Bayrağı Günü təntənəli şəkildə təşkil edilib. Birinci Azərbaycan-Oklahoma Kənd Təsərrüfatı Forumu çərçivəsində keçirilən tədbirdə ölkəmizin Kənd Təsərrüfatı naziri İnam Kərimov, ABŞ-dakı səfirimiz Elin Süleymanov, Oklahomadan seçilmiş Konqres üzvləri, Oklahoma ştatının qubernatoru Kevin Stitt, Oklahoma Milli Qvardiyasının komandanı general və digər qonaqlar iştirak edib.

Əvvəlcə Azərbaycanın və ABŞ-ın dövlət bayraqları Oklahoma Milli Qvardiyasının fəxri qarovulu tərəfindən təntənəli şəkildə zala gətirildi.

Sonra Oklahoma ştatının qubernatoru Kevin Stitt 9 noyabr tarixinin Oklahomada Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd edilməsini təsbit edən xüsusi Bəyannaməni Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimova və ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanova təqdim edib.

Çıxışı zamanı Qubernator K.Stitt Oklahoma ştatı ilə Azərbaycan arasında strateji tərəfdaşlıq əlaqələrindən danışıb, ölkəmizin Dövlət Bayrağı Gününün ştatda qeyd edilməsindən qürur duyduqlarını və ölkəmizlə bütün sahələrdə əməkdaşlığı genişləndirmək niyyətindən danışıb.

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov qeyd edib ki, Azərbaycanın Xalq Cümhuriyyəti dövründə ölkəmizin üç rəngli bayrağı altında bütün etnik və dini qrupların bərabər hüquqları təmin edilib. E.Süleymanov xatırladıb ki, xalqımızın yaşadığı çətin zamanda ilk dəfə dövlət bayrağımız ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı kimi qəbul edilib. Bu addımla sovet dönəmində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı rəsmi bayraq kimi qəbul edərək ölkəmizin müstəqilliyinin qaçılmazlığını və bayrağımızın yenidən ucaldığını təsbit edib. Dövlət Bayrağı Gününün 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edildiyini söyləyən E.Süleymanov dövlət bayrağımızın hər bir azərbaycanlının rəmzi və Azərbaycanın müxtəlif dini və etnik icmalarının birgə yaşayışının təcəssümü olduğunu bildirib.

Dövlət bayrağımızla bağlı qubernatorun təqdim etdiyi bəyannamədə 9 noyabrın Oklahomada Azərbaycanın Dövlət Bayrağı Günü kimi təsbit edilməsi ilə yanaşı, 2019-cu ildə Azərbaycanın öz müstəqilliyinin 101-ci, diplomatik xidmətinin 100-cü, NATO ilə tərəfdaşlığın 25-ci və Oklahoma Milli Qvardiyası ilə tərəfdaşlığının 16-cı ildönümlərinin qeyd edildiyi bildirilir, Azərbaycanın Dövlət Bayrağının 1918-ci il noyabrın 9-da qəbul edildiyi, sovet dönəmində ilk dəfə 1990-cı il noyabrın 7-də Naxçıvan Muxtar Respublikasında yenidən qaldırıldığı, Azərbaycan Respublikasında isə bu bayrağın rəsmi dövlət bayrağı kimi 1991-ci il fevralın 5-də qəbul edildiyi xatırlanır.

Xatırladaq ki, 2002-ci ildən Azərbaycan Müdafiə Nazirliyi Oklahoma Milli Qvardiyası ilə Dövlət/Ştat Tərəfdaşlığı Proqramı çərçivəsində uğurlu əməkdaşlıq həyata keçirir. Oklahoma ştatı ilə əməkdaşlıq hərbi ilə yanaşı təhsil və digər sahələrə də genişlənməkdədir.

Bu günlərdə Oklahoma ştatında Birinci Azərbaycan-Oklahoma Kənd Təsərrüfatı Forumu keçirilib. ABŞ-Azərbaycan Ticarət Palatası, ABŞ Beynəlxalq Yardım Agentliyi və Oklahoma ştatının təşkilatçısı olduğu tədbirdə Azərbaycanın Kənd Təsərrüfatı naziri İnam Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Oklahoma-Siti

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.