Milli Məclis bu gün Azərbaycanın xarici siyasətində və diplomatiyasında yeni səhifənin açılmasına töhfə verəcək tarixi bir sənədi – “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsini qəbul edib.
Cənab İlham Əliyevin təqdimatı əsasında daxil olmuş bu layihənin qəbul olunmasına görə, Möhtərəm Prezidentimizə dərin minnətdarlığımı bildirmək istərdim.
İsrail Azərbaycan üçün ən yaxın dost ölkə kimi möhkəm və sarsılmaz tərəfdaş olmasını hər zaman təsdiq edib, son 30 ildə Azərbayanın milli maraqlarına və dövlət mənafeyinə uyğun addımlar atıb, ən strateji qərarların qəbul olunmasında bizə dəstək verib. Erməni faşizminin təcavüzkar simasını ifşa edən mövqe sərgiləyib.
İsrailin bütün beynəlxalq təşkilatlarda Azərbaycana dönməz dəstəyini görmüşük.
44 günlük Vətən müharibəsində qardaş Türkiyə və Pakistanla çiyin-çiyinə Azərbaycanın haqq davasına dəstək verib.
Vətən müharibəsindən sonra Azərbaycan regionda yeni reallıqlar yaradıb, bölgənin siyasi dizaynı dəyişir, xarici ölkələrlə siyasi münasibətlərin ahəngində yeni meyarlar meydana çıxır.
Azərbaycanın yaxın strateji tərəfdaşı olan İsrail dövləti ilə xarici-siyasi əlaqələrdə də tamamilə yeni mərhələ başlayıb. Əlaqələri dərinləşdirmək üçün İsraildə Azərbaycanın Səfirliyinin olması tarixi tələbdir, siyasi zərurətdir, milli maraqlarımızın müdafiəsi üçün geosiyasi ehtiyacdır.
Təl-Əvivdə Səfirliyimizin fəaliyyəti sayəsində müasir siyasi-diplomatik təmasların inkişafını koordinasiya etmək mütləq gerçəklikdir.
Bu xüsusda bir xoş xəbəri də qeyd etməyi lazım bilirəm, İsraildə keçirilən sonuncu parlament seçkilərində Binyamin Netanyahunun rəhbəri olduğu “Likud” partiyası səslərin böyük hissəsini qazanıb və indiyədək 2 dəfə Hökumətə başçılıq etmiş Netanyahunun yenidən Baş nazir seçiləcəyi istisna deyil. Prezident İlham Əliyevlə Netanyahu arasında çox səmimi dost münasibətlər mövcuddur.
Bütün bu proseslər Azərbaycan və İsrail arasında siyasi-diplomatik əlaqələrin Zirvəyə çatmasına, ictimai-siyasi və hərbi əməkdaşlıqda yeni səhifə açılmasına səbəb olacaq. İnanıram ki, Azərbaycanın İsraildə Səfirliyinin fəaliyyətə başlamasından sonra Təl-Əviv də 30 mindən çox yəhudinin yaşadığı Quba şəhərində öz Konsulluğunu açacaq.
Vaqif Abdullayev,
Siyasi elmlər doktoru, professor.